+
-
10.05.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzmüşlər. Sonra görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarı üzərinə çiçəklər düzülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Aparatında davam edən tədbirdə şəxsi heyət əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Şuşa şəhərindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətini canlı izləmişlər.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçılarını Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyası və ideyalarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, inamlı, dinamik və dayanıqlı tərəqqisi ilə Azərbaycanın çağdaş dünyada yeni inkişaf modelinə çevrildiyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində Tarixi Zəfərin qazanıldığı, torpaqlarımızın işğaldan azad olunduğu, Dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli Dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi qürur hissi ilə vurğulanmış, “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır” deyən Ümummilli Lider Heydər Əliyevin dühasının təntənəsi iftixarla qeyd olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

 

 

 

 

 

f tw