+
-
08.05.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirləri davam etdirilir.

May ayının 6-da “Sərhədçi” İdman Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında voleybol üzrə yarışların final oyunları keçirilmişdir.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəsmiləri və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev çıxış edərək xalqımızın böyük oğlu, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək, həm də xaraktercə cəsur olmalarına inandığını bildirmiş, bu yolun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində, ictimai həyatın bütün sahələrində olduğu kimi, idman sahəsində də böyük zirvələrin fəth edilməsini xüsusi olaraq vurğulamış, final mərhələsində təmsil olunan bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulamışlar.

“Sərhədçi” İdman Mərkəzinin “Çerlidinq və bədii gimnastika” bölmələrinin idmançılarının nümunəvi çıxışlarından sonra komandalar arasında voleybol oyununun final mərhələsinə start verilmişdir.

Final mərhələsinə yüksəlmiş 4 komanda arasında baş tutan gərgin mübarizənin qalibi Çevik Hərəkət Qüvvələri Komandanlığının “Çevikçilər” komandası olmuş, 2-ci yerdə Sərhəd Qoşunları Komandanlığının “Sərhədçi” komandası, 3-cü yerdə isə Xüsusi Hava Əməliyyatları Komandanlığının “Şahinlər” komandası qərarlaşmışdır.

Tədbirin sonunda qalib və müvafiq yerlərdə qərarlaşan komandaların mükafatlandırılma mərasimi keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

 

 

 

 

 

f tw