+
-
29.04.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidmətində Dahi Öndərin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq bir sıra tədbirlər keçirilir.

Aprel ayının 28-də Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyunlarının “Lənkəran” sərhəd dəstəsində final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Mədəniyyət nazirliyinin regional idarələrinin nümayəndələrinin qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd etmişlər.

Respublikamızın 35 rayonundan 161 məktəbin 805 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşmış, gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Mingəçevir şəhərindən “Qartal”, Lənkəran şəhərindən “Üfüq”, Neftçala şəhərindən “Sərhədçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Ləkin”, Ağstafa rayonundan “Sərhədçi”, Ordubad rayonunun “Xətailər”, Şəmkir rayonundan “Mübarizlər”, Qusar rayonundan “Zeyxur”, Qax rayonundan “Zəfər” və Oğuz rayonunun “Oğuz-3” komandandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanmışdır.

Tədbir iştirakçıları və qonaqlar hərbi hissədə Heydər Əliyev ideoloji mərkəzini ziyarət etmiş, hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olmuşlar. Lənkəran rayon Mədəniyyət Evinin kollektivinin təşkil etdiyi konsert proqramını izlədikdən sonra məktəblilərin Lənkəran şəhərində yerləşən Heydər Əliyev mərkəzinə və bir sıra tarixi muzeylərə maraqlı ekskursiyaları təşkil edilmişdir.

“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 4-dək davam edəcəkdir.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw