+
-
16.04.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14-15 aprel tarixlərdə Abşeron rayonu, Novxanı kəndində yerləşən “Sərhədçi” Atçılıq Mərkəzinin açıq manejində 2023-cü ilin ilk konkur yarışları keçirilmişdir.

“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak etmişdir.

İlk yarış 14 aprel tarixdə saat 12:00-da başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak etmişlər.

20 idmançının iştirak etdiyi mübarizədə “Məktəb” atçılıq klubunun idmançısı Nicat Rəhimov “Şaxzadə” ləqəbli atla 1-ci, “Elit” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Damla” ləqəbli atla 2-ci, “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Aleks 1” ləqəbli atla 3-cü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin atçılıq klubunun idmançısı Murad Əlizadə “Light Limerick” ləqəbli atla 4-cü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva isə “Cera 59” ləqəbli atla 5-ci yerin sahibi olmuşdur.

Saat 14:00-da “L” kateqoriyası üzrə hündürlüyü 120 sm olan yarışda 12 idmançı iştirak etmişdir. Nəticədə “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla 1-ci, “Sərhədçi” atçılıq klubunun idmançısı Ramil İbrahimov “Alart-S” ləqəbli atla 2-ci yerin sahibi olmuş, “Buta Golden” klubunun idmançısı Ekaterina Malaxova isə “Fine Chocolate” ləqəbli atla 3-cü yerə layiq görülmüşdür.

15 aprel tarixində saat 14:00-da “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət turnirin son yarışında 8 at iştirak etmişdir.

“Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Sərhəçi” kubokunun sahibi olmuşdur. “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 2-ci, “Elit” atçılıq klubunun idmançısı Aydan Ağayeva isə “Zirvə” ləqəbli atla 3-cü yerə layiq görülmüşdür.

Sonda yarış qaliblərin mükafatlandırılması mərasimi ilə başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw