+
-
31.03.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində keçirilən anım mərasimlərinin iştirakçıları öncə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olmuşlar. Tədbirlərin rəsmi hissəsi soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirlərdə çıxış edənlər azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirildiyini və bu siyasətin mahiyyətinin azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olduğunu xüsusi olaraq vurğulamışlar.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilmişdir.

Keçirilən tədbirlərdə şəxsi heyətə azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmlər və tamaşalar nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw