+
-
25.02.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində və bölmələrində Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilmiş tədbirdə hərbi qulluqçular əvvəlcə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olmuş, mərasimin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı yüzilliklər boyu məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı kimi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımın XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdən olduğunu qeyd edilmişdir. Qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1275 nəfərin isə əsir götürülməsi, 8 ailənin isə tamamilə məhv edilməsi bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı bildirilmişdir.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırım qurbanlarının adlarının əbədiləşdirilməsi, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edilməsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunmuşdur.

Faciənin faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olması qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Xocalı faciəsi qurbanlarının qisası alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi olaraq vurğulanmışdır.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Bir insanlıq utancı - Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.

#JusticeforKhojaly

#XocalıyaƏdalət

#KhojalyGenocide

#26february1992 

#dontforget

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw