+
-
22.02.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycan Respublikasına səfəri çərçivəsində 22 fevral tarixində Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov tərəfindən qəbul edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Krallığın müvafiq qurumları arasında sərhəd təhlükəsizliyinin müxtəlif sahələrində həyata keçirilmiş əməkdaşlıq qeyd edilmiş, sərhəd mühafizəsi, o cümlədən dəniz təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında 2020-ci ildə Vətən Müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, işğaldan azad edilmiş ərazilərdə hazırda dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilmişdir.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu kimi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmış, gələcəkdə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.

Səfər müddətində qonaqlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-nəzarət, Gəmi İnşası və Təmiri mərkəzləri, eləcə də 2-ci dərəcəli sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış edilmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw