+
-
17.12.2022
17.12.2022, 11:55 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabrın 16-da "Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Cənab Prezidentin 09.04.2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında "Prezident İlham Əliyev və dövlətin dil siyasəti" və "Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir" mövzularında tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi fəlsəfə doktoru, professor Aynur Paşayeva iştirak etmişlər.

Tədbirdə çıxış edənlər bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, bir toplumun xalq kimi məhz ana dili vasitəsilə özünü sübut etdiyini bildirmiş və bunun Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan dilimizə ehtiramın göstəricisi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda da öz əksini tapdığını xüsusi vurğulamışlar.

Sonda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış videoçarx təqdim olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw