Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər.
Müasir dövlətçiliyimizin və ən yeni tariximizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə güllər düzmüşlər.
Anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olmuşlar.
Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açaraq, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğu vurğulanmışlar.
Dövlət idarəçiliyində və böyük siyasətdə hər zaman mənsub olduğu xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu ölkəmizin sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, xalqımızın tarixi hədəflərinə qovuşması, Vətən müharibəsində Böyük Zəfərin əldə olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi xüsusi qeyd edilmişdir.
Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələrində və hərbi hissələrində Dahi Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə, Vətən Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş “11-ci Qarabağnamə” sənədli filmi nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi