+
-

İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul etmişdir 09 sentyabr 2013

Prezident İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul etmişdir. 

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Sizi Azərbaycanda salamlayıram. Xoş gəlmisiniz. Şadam ki, sizin iclasınız ölkəmizdə keçirilir. Əminəm ki, MDB ölkələri sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyətinin mühüm məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan ilə daha yaxından tanışlıq, tarixi yerləri görmək imkanınız olacaqdır. Yəqin ki, tədbirə ev sahibliyi edənlər son illər ölkəmizdə sərhəd xidmətinin inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verəcəklər. Bütövlükdə Azərbaycan MDB çərçivəsində əksər formatlarda fəal iştirak edir. Biz bu təşkilatda iştirakımıza böyük əhəmiyyət veririk, bir çox istiqamətlərdə, o cümlədən hüquq mühafizə qurumlarının fəaliyyətində, eləcə də sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında iştirak edən xidmətin işində fəal iştirak edirik.

Ölkələrimizin sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyəti bütövlükdə MDB çərçivəsində əməkdaşlığın inkişafında və konkret olaraq sizin rəhbərlik etdiyiniz sahədə böyük əhəmiyyət kəsb edir. Təbii ki, sərhəd xidmətlərinin işi digər qurumların qarşılıqlı fəaliyyəti ilə əsasən regionla əlaqədar olur. Çünki qonşu dövlətlərin sərhədləri ikitərəfli formatda fəal əməkdaşlığı nəzərdə tutur. Şadam ki, belə çoxtərəfli formatda da ölkələrimizin sərhəd xidmətləri arasında yaxşı qarşılıqlı anlaşma mövcuddur. Zəlzələ oldu. Gözlənilməzdir. Güman ki, haradasa dənizdə azacıq təkanlar olub. Hə, bir az silkələnir. Düşünürəm ki, bu, bizim diqqətimizi işdən yayındırmamalıdır. Hərdən olur. Buna görə də çoxtərəfli formatda qarşılıqlı fəaliyyət böyük əhəmiyyətə malikdir. Çünki təcrübə mübadiləsi, müxtəlif proqramlar, müasir dünyada əhəmiyyət kəsb edən informasiya mübadiləsi vardır. Bizim ölkələrimizdə bütövlükdə daxili proseslərin inkişafının müsbət dinamikası mövcuddur, amma əlbəttə ki, kənardan təhlükələr də vardır. Əlbəttə ki, istənilən ölkənin təhlükəsizliyi, o cümlədən onun sərhədlərinin təhlükəsizliyi ilə də təmin olunur. Həmin sərhədlər nə qədər etibarlı qorunsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar. Buna görə də biz əlbəttə ki, Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik. Əslində bu xidmət MDB-nin əksər ölkələrində olduğu kimi, bizdə də sıfırdan yaranmağa başlayıb. Həm maddi-texniki bazanın çox mühüm məsələlərini, həm peşəkarlığın yüksəldilməsini, kadrların hazırlanmasını həll etmək lazım gəlirdi. Bu istiqamətdə böyük işlər görülüb. Sərhəd Xidməti Akademiyası yaradılıb, maddi-texniki baza möhkəmləndirilir, ölkəmizin və qonşularımızın təhlükəsizliyini təmin etmək üçün ən çətin keçilən yerlərdə, dağların zirvəsində meşələrdə müasir bazalar, şəhərciklər, zastavalar tikilir. Əlbəttə ki, qonşu ölkələrlə qarşılıqlı fəaliyyət mövcuddur, birgə tədbirlər, bəzən birgə əməliyyatlar keçirilir. Bütün bunlar regionda təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Sözsüz, belə formatda əməkdaşlıq yəqin ki, müəyyən mənada nadirdir, çünki beynəlxalq qurumlar, sərhəd xidmətləri çərçivəsində əməkdaşlığın daha geniş beynəlxalq formatı mövcuddur. Amma MDB çərçivəsində belə format xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən bu, bütövlükdə təşkilatımızın möhkəmləndirilməsi və xalqlarımız arasında mövcud olan dostluq və qarşılıqlı fəaliyyət ənənələrinin davamı deməkdir, digər tərəfdən ölkələrə təhlükələrin artdığı, müxtəlif regionlarda ağır proseslərin getdiyi bir zamanda şübhəsiz ki, əlaqələndirməyə, qarşılıqlı dəstəyə, informasiya mübadiləsinə və əlbəttə ki, fəal, açıq əməkdaşlığa zərurət vardır. Biz buna istiqamətlənmişik və düşünürəm ki, sizin Şuranın iclasının Bakıda keçirilməsi bizim bu məsələlərə münasibətimizi sübut edir. Öz tərəfimizdən biz Azərbaycanın sərhəd xidmətini gücləndirməyi, həmçinin əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatını möhkəmləndirməyi davam etdirəcəyik.

Təhlükələr əslində eynidir, real və potensial təhlükələrin mənbələri də əslində eynidir. Bizi böyük coğrafi məkan, böyük region birləşdirir. Bu region tarix, mədəni, iqtisadi münasibətlər, nəqliyyat vasitələri ilə qarşılıqlı əlaqədədir. Buna görə də şübhəsiz ki, bizim təhlükəsizliyimiz fəal əməkdaşlıqla tam təmin olunacaqdır.

Bir daha sizi salamlayıram. Əminəm ki, sizin iclasınız çərçivəsində müzakirə ediləcək məsələlər məhsuldar olacaq, MDBölkələrinin sərhəd xidmətlərinin gələcək qarşılıqlı fəaliyyətinə öz töhfələrini verəcək, eləcə də sərhəd xidməti rəhbərləri arasında daha möhkəm dostluq münasibətlərinin olması üçün sizi daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz! 

Sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini və Sərhəd Xidmətinin rəhbəri, Sərhəd QoşunlarıKomandanlar Şurasının sədri Vladimir KULİŞOV çıxış edərək dedi:

-Çox sağ olun, hörmətli cənab Prezident!

Əvvəlcə MDB ölkələri sərhəd xidmətlərinin rəhbərliyi, Sərhəd Qoşunları Komandanlığı Şurasının adından Sərhəd Qoşunları Komandanlığı Şurasının 70-ci iclasının dost Azərbaycan Respublikasının ərazisində keçirilməsi üçün imkan yaratdığınıza və çox yaxşı təşkilatçılığa görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim. Mən, həmçinin qeyd etmək istərdim ki, bu, artıq Azərbaycan Respublikasında keçiriləcək üçüncü iclas olacaqdır. Buna görə də Sizə ayrıca minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Şuranın bugünkü iclasında MDB-nin sərhəd qurumlarının 10 nümayəndə heyəti, həmçinin MDB-nin İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Birliyi İnteqrasiya Komitəsi katibliyinin nümayəndələri, komandanlığın fəxri üzvləri iştirak edirlər. Bu ənənə bizdə qorunur. Biz bir sıra aktual məsələləri nəzərdən keçirməyi planlaşdırırıq, o cümlədən şübhəsiz ki, ötən dövr ərzində ölkələrimizin sərhədlərinin təhlükəsizliyi sahəsində, eləcə də Birliyin digər ölkələri ilə sərhədində təhlükəsizliyin təminatında fəaliyyətini təhlil edəcəyik. 2013-cü ildə komandanların fəaliyyətinin yekununa xüsusi diqqət yetirəcəyik və Sizin dediyiniz kimi, birgə operativ-profilaktik tədbirləri qiymətləndirəcəyik. 

Vladimir Kulişov MDB ölkələrinin sərhəd xidmətləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçiriləcək digər tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, qeyd etdi ki, tədbirlər planında Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin geniş qeyd edilməsi nəzərdə tutulur.

Vladimir Kulişov çıxışına davam edərək dedi:

-Bugünkü iclas çərçivəsində biz sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin 70 illiyinə həsr olunmuş xarici sərhədlər üzrə xatirə estafetinin keçirilməsi reqlamentini təsdiq etməyi nəzərdə tuturuq. Mən sadəcə olaraq bugünkü əməkdaşlara bu ənənələri gələcək üçün qorumağı tövsiyə edirəm.

Hörmətli cənab Prezident! Mən yekunda qeyd etmək istərdim ki, MDB Sərhəd Qoşunları Komandanları Şurası sərhəd siyasəti məsələləri üzrə Dövlət Başçılarının Şurasında ali qurum kimi sərhəd təhlükəsizliyinin təminatı sahəsində qarşılıqlı faydalılıq və səmərəli əməkdaşlıq xəttini həmişə inkişaf etdirmək üçün əlindən gələni edib və edəcəkdir. Yekunda bir daha bizə yaradılan imkana görə Sizə minnətdarlığımı bildirmək və MDB Sərhəd Qoşunları Komandanları Şurası üzvlərinin adından xatirə hədiyyəsini təqdim etmək istərdim.

Vladimir Kulişov xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Belə diqqətə görə mütəəssirəm.

Vladimir KULİŞOV: Burada Komandanlıq Şurasının rəmzləri əks olunub. Çox sağ olun! Biz çox gözəl bilirik ki, bir aydan sonra sizdə seçkilər keçiriləcəkdir. Bəli, Siz əhalinin əksər hissəsinin dəstəklədiyi ən tanınmış namizədlərdən birisiniz. Buna görə də icazə verin Sizə uğurlar arzulayaq. Çox sağ olun!

Prezident İlham Əliyev MDB ölkələrinin sərhəd xidmətləri qarşısında duran vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi baxımından görüşdə qaldırılan məsələlərin önəminə toxundu. Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlıqla bağlı söylənilən fikirləri və bununla əlaqədar xatirə estafetinin keçirilməsini təqdirəlayiq hesab etdiyini bildirən Prezident İlham ƏLİYEV dedi:

-Otuz milyon həmvətənimiz həyatını itirmişdir. Müharibədə iştirak edən hər iki azərbaycanlıdan biri geri qayıtmadı, yəni, 600 mindən 300 mini Vətənini müdafiə edərkən həlak oldu. Müharibədə həlak olanların xatirəsi Azərbaycanda ehtiramla yad edilir, həmçinin veteranlara dəstək göstəririk. Hər il mayın 9-da biz veteranlarla görüşürük. Onlar fəaliyyətdədirlər. Bu insanlar gənc nəslin tərbiyəsi, öz Vətənlərinə sədaqət, vətənpərvərlik və qəhrəmanlıq ruhunda böyüməsi üçün parlaq nümunədirlər. Buna görə həm Prezident, həm vətəndaş kimi bu mövzunu daim gündəlikdə saxlamaq niyyətlərini səmimi qəlbdən dəstəkləyirəm. Həm də təkcə yubileydən-yubileyə yox, daim. Çünki sərhədçi döyüşçülər də qələbədə böyük rol oynayıblar. 

Prezident İlham Əliyev dünyanın bəzi bölgələrində faşizmə bəraət qazandırılması, faşizmlə mübarizə aparmış xalqların rolunun kiçildilməsi kimi tarixi saxtalaşdırılmaların yölverilməzliyindən danışdı.

Sərhəd xidmətləri arasında qarşılıqlı fəaliyyət məsələlərinə bir daha toxunan Prezident İlham ƏLİYEV dedi:

-Qarşılıqlı səylərin əlaqələndirilməsi və informasiya mübadiləsi bizim ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, sizin Şurada mövcud olan əməkdaşlıq ruhu davam edəcəkdir. Dediyiniz kimi, artıq 70-ci dəfədir ki, belə iclaslar keçirirsiniz, deməli ildə bir neçə dəfə toplaşırsınız. MDB özü cəmi 20 ildən bir az çoxdur ki, mövcuddur. Buna görə bu, çox intensiv, səmərəli bir işdir və şadam ki, iclasınız artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Düşünürəm ki, Bakıda hələ bundan sonra da dəfələrlə görüşəcəksiniz. Bir daha sizi salamlayıram. Yaxşı işləməyi arzulayıram.

Görüşdən sonra xatirə şəkli çəkdirildi.