İlham Əliyev Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur 30 may 2012, 16:40
Prezident İlham Əliyev Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Naxçıvan Sərhəd Diviziyasının rəisi, general-mayor Asəf Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlət başçısı Culfa sərhəd komendantlığı və zastava kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, sərhəd komendantlığı dörd binadan - qərargah, yardımçı, texniki və yaşayış binalarından ibarətdir.
İkimərtəbəli qərargah binasında komendantlığın fəaliyyəti üçün hər cür şərait vardır. Burada müxtəlif sinif otaqları yaradılmış, əyani vəsaitlərlə təchiz olunmuşdur.
Azərbaycan Prezidenti əsgər yataqxanasında yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, şəxsi heyətin istirahətinin və asudə vaxtının yüksək səviyyədə təşkil olunması üçün yataqxanada bütün tələblər nəzərə alınmışdır. Bundan əlavə, ərazidə hamamxana, ərzaq məhsulları anbarı və xüsusi geyim əşyaları üçün otaq da yaradılmışdır. Şəxsi heyətin yeməkxanası da müasir tələblər səviyyəsində qurulmuşdur.
Qeyd edildi ki, Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunan Dövlət Sərhəd Xidməti şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu, Culfa sərhəd zastavasının da fəaliyyətində hiss olunur. Zastavanın ərazisində zabit ailələri üçün iki yaşayış binası tikilmişdir. Binalardan biri üçmərtəbəlidir. Burada 18 mənzil vardır. Mebel və digər zəruri məişət avadanlığı ilə təchiz olunmuş mənzillərdən altısı üçotaqlı, altısı ikiotaqlı, altısı isə birotaqlıdır. Digər yaşayış binası isə ikimərtəbəli və səkkiz mənzillidir.
Ərazi ilə yaxından tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sərhəd komendantlığının və zastavanın maddi-texniki təchizatı yüksək səviyyədədir. Sərhəd komendantlığının ərazisində nizami keçid meydanı və idman şəhərciyi, uşaqlar üçün əyləncə meydançası da salınmışdır.
Komendantlığın və sərhəd zastavasının ərazisi abadlaşdırılmış, dekorativ güllər və ağaclar əkilmişdir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, şəxsi heyətə uğurlar arzuladı.