+
-
Azərbaycanın dövlət sərhəd mühafizə sistemi sovet hakimiyyəti illərində (aprel 1920 - dekabr 1991-ci il)
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra onun İran və Türkiyə ilə sərhədində sovet hərbi hissələri və hərbi texnikası yer¬ləş¬dirilmişdi. Heç şübhəsiz, Сənubi Qafqaz və ilk növbədə Şimali Azərbaycan istər çar Rusiyası və Sovet dövlətinin həyati maraq dairəsində olduğu üçün 1813-1918, 1920-1992-ci illər ərzində bu ərazidə, o cümlədən sərhəddə lazım olduğun¬dan da artıq hərbi qüvvə saxlanılırdı. Azərbaycan SSR ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti əsasən rus, ukraynalı, belarus, yəhudi, erməni və o zaman SSRİ-də yaşayan qeyri-müsəlman və qeyri azərbaycanlılardan təşkil olunurdu.

İkinci dünya müharibəsi başa çatdıqdan və 1946-cı ildə Sovet qoşunları İrandan çıxarıldıqdan sonra Azərbaycanın İran və Türkiyə ilə olan sərhədlərində yerləşdirilmiş hərbi hissələrdə xidmət edənlər içərisində azərbaycanlılar demək olar ki, yox dərəcəsində idi. Bu proses XX əsrin 70-ci illərinin əvvəlinə qədər davam etdi və yalnız ulu öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçi¬ləndən sonra onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətdə dəyişikliyə nail olundu, 1969-1982-ci illərdə milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü.

Azərbaycanlı general Mustafa Nəsirov 1972-1987-ci illərdə Bakı şəhə-rində hərbi-əməliyyat şöbəsinə rəhbərlik etməklə bərabər, həm də SSRİ DTK Сənubi Qafqaz sərhəd dairəsi rəisinin müavini vəzifəsində çalışırdı. Qeyd etmək lazımdır ki, Mustafa Nəsirov keçmiş SSRİ Sərhəd Qoşunları tərkibində 66 yaşına qədər xidmət etmiş ilk və yeganə general idi.

1969-1982-ci illərdə dahi öndər Heydər Əliyevin Azərbaycan SSR-də hərbi quruculuq sahəsində gördüyü böyük işlər barədə, xüsusilə də onun sər-hədçilər və sərhəd qoşun birləşmələri ilə qurduğu hərtərəfli əməkdaşlıq haqqında fikirlər yalnız 2002-ci ildən sonra elmi dərgilərdə və dövri mətbuatda öz əksini tapmağa başladı. XX əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanın İran və Türkiyə ilə olan sərhəd boyunca yerləşən hərbi hissələrin sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə çox böyük diqqət yetirildiyi məlumdur. Hərbi şəhərciklərin tikilməsi və burada yaşayan hərbi qulluqçuların sosial prob¬lemlərinin həlli respublika rəhbərinin diqqət mərkəzində idi. 1972-ci il iyunun 13-də Azərbaycan KP Mərkəzi Komitəsi Bürosunda «Zaqafqaziya sərhəd dairə¬sinin yaradılmasının 50 illiyi münasibəti ilə keçiriləcək tədbirlər haqqında» qərar qəbul edilmiş və bu qərarda Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Lənkəran sərhəd dəstəsi və Zaqafqaziya sərhəd dairəsinin gözətçi gəmilər briqadası fəxri fərmanla təltif edilmişdilər. General Mustafa Nəsirov qeyd edirdi ki, 70-ci illərdə keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında Azərbaycanda olduğu qədər (Sədərəkdən Bakıya qədər olan sərhəd xəttində) respublika vəsaiti hesabına çox¬saylı hərbi obyektlər tikilməmişdi. Biz sərhədçilər üçün keçmiş SSRİ DTK-sı tərəfindən yalnız yeni sərhəd gözətçi məntəqələrinin tikilməsi üçün vəsait ayrılır, lakin yaşayış obyektlərinin tikilməsi işindən, bir qayda olaraq, imtina edilirdi. Buna baxmayaraq, 70-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə sərhəd¬çilər üçün Sədərəkdə böyük bir şəhərcik, Prişib (indiki Göytəpə) qəsəbəsində 50 mənzilli yaşayış binası, Lənkəran şəhərində isə 2 ədəd 70 mənzilli binalar tikilib istifadəyə veril¬miş, Mərdəkanda rabitəçi sərhədçilər üçün böyük bir şəhərcik tikilmişdi.

General Mustafa Nəsirov 70-ci illərdə məhz Heydər Əliyev tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün irimiqyaslı işlərin görüldüyünü qeyd edir. Görülən işlər içərisində 70-ci illərin sonunda Naxçıvan Muxtar Respublikası ərazisində Arpaçay, Lənkəranda Xanbulançay dəryaçalarının və Horadiz qəsəbəsinin yaxınlığında Mil-Muğan su bəndinin tikilməsi xüsusi yer tuturdu. Belə ki, tikilən və istifadəyə verilən obyektlərdə yerli əhalinin nümayəndələri işlə təmin olunur, su bəndlərindən yerli əhali tərəfindən suvarma işində çox geniş şəkildə istifadə olunurdu. Digər bir mühüm məsələ sərhədyanı ərazilərdə yaşayan əhalinin ölkənin başqa yerlərindən öz evlərinə qayıdarkən onların sənədlərinin sərhədçilər tərəfindən bir neçə dəfə yoxlanılması idi. Sərhədyanı zonada yaşayan yerli əhalinin vəziyyətini yaxşılaş¬dırmaq üçün onların yalnız bir dəfə yoxlanılması ulu öndər Heydər Əliyev tərəfindən mərkəzi hökumətlə razılaşdırılmışdır. Bundan əlavə, sərhəd boyunca SSRİ zamanında tikilən bütün obyektlər, o cümlədən sərhədlərin qorunması üçün quraşdırılan mühəndis-texniki qurğular müstəqil Azərbaycan Respublikasının mülkiyyətinə verildi.

XX əsrin 70-ci illərinə qədər sərhəd qoşunlarında azərbaycanlıların sayı çox az idi. Bu azlığın bir çox səbəbləri vardı. Ən başlıca səbəb isə mərkəzi höku¬mət tərəfindən azərbaycanlılara olan əsassız inamsızlıq idi. 70-ci illərdə Türkiyə¬nin NATO, İranın isə SENTO hərbi-siyasi bloklarının üzvü olmalarına baxma¬yaraq, dahi öndər Heydər Əliyevin təşəbbüsü ilə burada azərbaycanlı zabit– sərhədçilərin xidmət etməsi üçün icazə alındı. Burada xidmət edənlər içərisində azərbaycanlı zabitlər təxminən 50-60 nəfər təşkil edirdi. Onlar isə İran və Türkiyə ilə sərhəddə tərcüməçi kimi istifadə olunurdular. Ulu öndərin səyləri nəticəsində Sərhəd Qoşunlarında bir neçə yüksək rütbəli azərbaycanlı zabitlər yetişdi. Bundan əlavə, keçmiş SSRİ DTK-nın xətti ilə başqa respublikalara azərbaycanlı zabit kadrların hazırlanması üçün respublikadan gənclər göndərilir və hər il bu məqsəd üçün 10-12 yer ayrılırdı. Onlar Moskva, Almatı (Alma-Ata), Kiyev, Sankt-Peter¬burq (Leninqrad) və digər şəhərlərdə yerləşən xüsusi ali təhsil ocaqlarına göndə¬rilirdi. Bütün bunların hamısı Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra onun sərhədlərinin qorunması və möhkəmləndirilməsi işində xüsusi rol oynadı.