+
-
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər)
Dövlət Sərhəd Xidmətinin peşəkar heyətlə komplektləşdirilməsi üçün sərhəd zastavalarının atıcı və təminat qrupu komandirlərinin hazırlığı, miqrasiya və sahil mühafizəsinin kiçik mütəxəssislərinin hazırlığı kursları təşkil edilmişdir. Sərhəd Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu məqsədlə hərbi hissələrin təlim-tədris bazaları genişləndirilir, təlimin və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsinə böyük yardım göstərən taktiki təlimlərin 2004-cü ildən etibarən hər il keçirilməsi hərbi qulluqçuların xilasetmə-axtarış əməliyyatlarında fədakarlıq, yüksək peşəkarlıq nümayiş etdirmələri döyüş hazırlığının lazımi səviyyədə olduğunun göstəricisidir. Keçirilən təlimlər zamanı Xəzər dənizində Azərbaycan Respublikasının mənafelərinin təmin edilməsi, dövlət sərhədində vəziyyətin gərginləşməsi zamanı xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən birləşmə, hissə və bölmələrin döyüş və hərəkət nizamının təkmilləşdirilməsi, silahlı təxribat-kəşfiyyat qruplarının, terrorçu dəstələrin axtarışı və zərərsizləşdirilməsi, dənizdə xilasetmə işlərinin aparılması üzrə xidməti-döyüş fəaliyyətinin təşkilində zəruri təcrübənin əldə edilməsi kimi ciddi məqsədlərə nail olunur.

Beynəlxalq əməkdaşlıq, dünya dövlətlərinin sərhəd qurumları ilə qarşılıqlı faydalılıq əsasında münasibətlərin qurulması məsələləri diqqət mərkəzində saxlanılır. NATO, Avropa İttifaqı, ATƏT, BMTQAK, BMqT, Şiofok Konfransı, GUAM kimi beynəlxalq təşkilatlarla və bir çox ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilmişdir. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) iclasları Bakı şəhərində keçirilir.

Dövlət Sərhəd Xidməti gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin aparatında tələbələrlə görüşlər, "Sərhəd" hərbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, DSX-nin fəaliyyətini əks etdirən kitablar nəşr edilir. DSX-nin mərkəzi aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil edilir. Gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəmanların şücaətləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər mühüm rol oynayır. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə və dövlətçiliyin qorunmasında sərhədçilərimiz də mərdliklə vuruşmuşlar. Bir çox hallarda ən qaynar nöqtələrdə məhz sərhədçilər dayanmışlar. Ağdərə bölgəsində sərhədçilərdən ibarət xüsusi təyinatlı sərhədçi taboru düşməni ağır itkilərə uğratmışdır. Bu döyüşlərdə qəhrəmancasına həlak olmuş baş leytenant Eldar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk sərhədçidir.

Yüksək hərbi nizam-intizamı ilə fərqlənən Sərhəd Qoşunları Füzuli ətrafında da erməni işğalçılarına qarşı cəsarətlə döyüşmüşdür. Cəbrayıl, Horadiz, Zəngilan düşmən tərəfindən işğal olunan zaman sərhədçilər fədakarlıqlar göstərmiş, dinc əhalinin təhlükəsizliyini təmin etmişlər. Xüsusilə, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin məntəqəsi və Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən sərhəd məntəqəsi uğrunda gedən döyüşlərdə sərhədçilərimiz son anadək erməni işğalçılarına qarşı döyüşmüş və həmin məntəqələri sonuncu olaraq tərk etmişlər. Bu döyüşlərdə göstərdiyi şücaətə görə leytenant Tahir Bədəlov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Müstəqillik yolunda uğurlu addımlar atan Azərbaycan dövlətçiliyinə qarşı daxili və xarici qüvvələr tərəfindən yönəldilmiş bir neçə dövlət çevrilişi cəhdləri zamanı da sərhədçilər fədakarlıq və sədaqət nümunəsi göstərmişlər. Dövlətçiliyimizin qorunması uğrunda gedən çarpışmalarda qəhrəmanlıq göstərən və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş baş leytenant Əmiraslan Əliyev, gizir Faiq Cəfərov və sərhədçi kursant Bəhruz Mansurovun igidliyi Sərhəd Qoşunlarının salnaməsinə qızıl hərflərlə yazılmışdır.

Sərhəd Qoşunlarının şəxsi heyəti dövlət sərhədlərimizi mühafizə edərkən sülh dövründə silahlı sərhəd pozucularına qarşı mübarizədə canlarını qurban vermiş gizir Qulam Ələkbərov, çavuş Natiq Xəlilov, əsgər Elçin Qasımov və əsgər Eltun İsgəndərov kimi sərhədçilərin xatirəsini unutmur.