+
-
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər)
Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.

1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.

Bu dövrdə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək də qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahları komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırdı.

Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi.

Belə bir vaxtda DSMK-nın qarşısında duran ən böyük vəzifə keçmiş Sovet hərbçilərinin tabeliyində olan hərbi hissələrin və sərhəd dəstələrinin təhvil alınması idi. Keçmiş SSRİ Sərhəd Qoşunlarının Bakı şəhərində yerləşən Əməliyyat Döyüş Şöbəsi, eləcə də hərbi hissələrin rəhbərləri isə bu prosesi uzatmağa, təxribatlar törətməyə çalışırdılar. 1992-ci ilin fevral ayının 12-də DSMK-nın Mühəndis Tikinti İdarəsinin, "Bakı" Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin, Neftçala Təlim Mərkəzinin, Gözətçi Gəmilər Briqadasının və "Yalama" Nəzarət Buraxılış Məntəqəsinin ştat strukturu təsdiq olundu.

Həmin ərəfədə Bakı bərəsində və hava limanında xidməti keçmiş SSRİ sərhədçiləri aparırdılar və bu, respublikadan silah-sursatın daşınmasına, xarici kəşfiyyat orqanları əməkdaşlarının ölkəmizə maneəsiz gəliş-gedişinə imkan verirdi. Bu cür halların qarşısını almaq məqsədi ilə may ayının 8-dən 9-na keçən gecə "Bakı" ƏNBM-in DSMK-nın tabeçiliyinə verilməsi təmin edildi.

DSMK-nın maddi-texniki bazasının yaradılmasında mühüm rol oynayan, silah-sursat və digər lazımi hərbi ləvazimatlarla dolu olan hərbi anbarların ələ keçirilməsi əsas məsələ kimi qarşıda dururdu. Həm də oğurluq, hərbi sursatın və əmlakın sovet sərhədçiləri tərəfindən talan edilməsi adi hal almışdı. Buna görə də hərbi anbarların ələ keçirilməsi zəruri idi və milli sərhədçilərimiz 1992-ci ilin iyul ayının 26-da əsl fədakarlıq göstərərək bu vacib hərbi obyekti öz tabeçiliklərinə keçirməyə nail oldular.

Azərbaycanın varlığını qoruyub saxlamaq üçün Sərhəd Qoşunlarını təcili formalaşdırmaq, əməliyyat şəraitinə, sərhədin mühafizəsinə nəzarət edə biləcək bir hərbi quruma çevirmək lazım idi. Sovet sərhədçilərinin milli qüvvələrlə əvəz edilməsi prosesindən aqressivləşən, əldə edilmiş sazişi pozaraq hərbi texnikanı, silah-sursatı imkan düşdükcə aradan çıxarmağa çalışan sovet sərhədçiləri şimala doğru üz tutdular. Bu istiqamətdə nəzarəti gücləndirmək zərurəti meydana çıxdı və DSMK 1992-ci ilin iyun ayının 13-də "Yalama" ƏNBM-in fəaliyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri baş leytenant Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar (Respublikaya gəlib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fəaliyyətə başlayan kiçik bir post sonradan inkişaf edib nizam-intizamı və dövlət sərhədinin etibarlı mühafizəsində nümunəvi xidməti ilə fərqlənən Xudat Sərhəd Dəstəsinə çevrildi).