+
-
Azərbaycanın tarixi sərhədlərinin yaranması və formalaşması(ən qədim zamanlardan 1918-ci ilə qədər)

Azərbaycanın tarixi əraziləri içərisində Qafqaz Albaniyasının bütün əraziləri xüsusi yer tutur. Yunan alimləri Herodotun (miladdan əvvəl 480-425) «Tarix», Strabonun (miladdan əvvəl 64- miladdan sonra 24) «Coğrafiya», Böyük Pilinin (23-79) «Təbiət tarixi», Plutarxın (45-127) «Paralel tərcümeyi-hallar», Pomponi Melanın (I əsrin I yarısı) «Yerin təsviri», digər antik və ilk orta əsr müəlliflərinin əsərlərində bu ərazilər haqqında məlumatlar geniş şəkildə verilir. Bu mənbələrə görə, Qafqaz Albaniyası Qafqaz sıra dağlarının şimal-şərq ətəklərindən Kiçik Qafqaz dağları və Araz çayına, Qabırlı çayından Xəzər dənizinə qədər olan sahələri, Mil və Muğan düzlərini əhatə edirdi. Onun şimal sərhədləri Böyük Qafqaza, Samur sıra dağlarının şimal ətəklərinə, şimal-qərbdə İori və Alazan çaylarının yuxarı axarına, şimal-şərqdə isə müasir Dərbəndin şimalına qədər gedib çatırdı. Dövlətin cənub sərhədləri əksər vaxtlarda (I-VII əsrlərdə) Araz çayı boyunca uzanmış və cənub-şərqdə Kaspianiananın cənub tərəfindən keçmişdir. Miladdan əvvəl II-I əsrlərdə Albaniyanın bütün sərhədləri sabit qalsa da, cənub-şərqdə sərhədlər daralır. Sonrakı dövrlərdə Qafqaz Albaniyasının sərhədləri yenidən əvvəlki kimi bərqərar olur və dövlətin süqutuna kimi əsaslı dəyişikliklərə uğramır. Antik dövrdə və ilk orta əsrlərdə Şimali Azərbaycan torpaqlarında (Naxçıvan və onunla qonşu olan əraziləri çıxmaq şərtilə) mövcud olan Albaniya dövlətinin paytaxtı əvvəlcə Qəbələ (miladdan əvvəl III – miladdan sonra IV əsr) sonra isə Kür çayının sağ sahilində yerləşən Bərdə şəhəri olmuşdur. 

630-cu ildə yaranmış Ərəb Xilafəti xəlifə Ömərin dövründə geniş miqyaslı işğalçı müharibələrə başladı. 637-ci ildə Sasani imperiyası ərazilərinə hücum edən ərəblər Ktesifon (Mədain) döyüşündə sasanilərə qalib gəldilər. 637-705-ci illər ərzində ərəblər Azərbaycanın da daxil olduğu Sasani imperiyası ərazilərini işğal edərək, onu xilafətin əyalətlərindən birinə çevirdilər. Ərəb işğalından sonra Qafqaz bölgəsindəki ölkələrin tarixi-coğrafi ərazi bütövlüyü saxlanılsa da, onlar inzibati cəhətdən dəyişikliyə uğradılar. İlk vaxtlarda bütün Azərbaycan ərazisi gənc Ərəb xilafətinin 5 vilayətindən birini təşkil edirdi.