+
-
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920)
Hökumətin bütün səylərinə baxmayaraq, 1920-ci ilin aprelinə qədər bir sıra ərazilərdə sərhəd postlarının yaradılması, mühafizə dəstələrinin yerləşdirilməsi işləri yarımçıq qalmış, bəzi ərazilərdə isə bu iş əslində müdafiə funksiyalarını yerinə yetirən qüvvələrə həvalə olunmuşdu. Bu baxımdan Azərbaycanın şimal sərhədlərində yaranmış vəziyyət qeyd edilənlərə daha qabarıq misal ola bilər. Belə ki, 1919-cu ilin sonları, 1920-ci ilin əvvəllərində Azərbaycana Ermənistanın iştirakı ilə Denikin ordusunun gözlənilən hücumunun qarşısının alınması məqsədilə bir sıra tədbirlər və əməliyyat planları işlənib hazırlanmışdı. Hücumun reallaşacağı təqdirdə, onların qarşısına Dağıstanla sərhəd xəttində 4-cü piyada alayı, Gəncədən gətiriləcək 3-cü Gəncə alayının bir taboru, 1-ci tatar süvari alayı, iki batareya, istehkam qüvvələri və yerli silahlılardan ibarət Xaçmaz dəstəsi çıxarılacaqdı. Denikinçilərin ilk zərbəni Gürcüstana endirəcəkləri təqdirdə, iki cümhuriyyət arasında bağlanmış müqaviləyə uyğun olaraq, onlara yardım edilməli, ittifaq üçün hazırlanmış plan üzrə Gürcüstana süvari dağ batareyası, 3 piyada və 2 süvari alayı ilə bir topçu tağımı göndərilməli idi.

Azərbaycan hökuməti şimaldan gələn təhlükənin qarşısının alınması sahəsində ardıcıl müdafiə tədbirləri görməyə, imkan daxilində olan bütün vasitələri bu məqsədə yönəltməyə çalışmışdı. Belə vəziyyətdə sırf sərhədin mühafizəsi ilə məşğul olacaq qüvvələrin formalaşdırılmasına maliyyə vəsaiti və burada yaradılacaq postlarda xidmət edəcək hərbi kadrlar ayırmaq imkan xaricində idi. Əslində şimal sərhədlərinin böyük bir hissəsi bütünlüklə Hərbi Nazirliyə tabe qüvvələrin nəzarətində qalmışdı. Həmin qüvvələr isə hər an buradakı dislokasiya olunduqları ərazini dəyişib Vətənə ilk təhlükənin gözlənildiyi yerə göndərilə bilərdilər. Azərbaycan isə həmin illərdə öz daxilində, Qarabağ və Zəngəzurda ermənilər tərəfindən törədilən hərəkətlərin qarşısını almaq, əhalini qonşu dövlətlərdən dəstəklənən erməni təcavüzlərindən qorumaq məcburiyyətində idi.

Qısa müddətdə sərhədlərin qorunması kimi çətin bir sahədə xeyli iş görmüş Azərbaycan hökuməti sonrakı illərdə yerlərdə dövlət və hakimiyyət strukturlarını möhkəmləndirməklə müstəqil respublikanın sərhədlərini hərtərəfli mühafizə etməyə qadir qüvvələr formalaşdıra biləcəkdi. Ancaq daxili mübarizələr və bolşevik Rusiyasının 1920-ci ilin 27 aprel təcavüzü Azərbaycanın ilk müstəqil dövlətinin süqutuna gətirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin yaradılması işini də yarımçıq qoydu. 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu.