Sərhəd Qoşunlarinin 82-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqi
(19 avqust 2001-ci il )
- Əziz sərhədçilər!
Hörmətli xanımlar və cənablar!
Sizi Azərbaycan sərhəd qoşunlarının peşə bayramı münasibətilə, sərhəd qoşunlarının yaranmasının 82-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm, Azərbaycan sərhədçilərinə qarşılarında duran şərəfli vəzifələri uğurla yerinə yetirməyi arzulayıram.
Sərhəd, ərazi bütövlüyü hər bir ölkənin dövlət müstəqilliyinin əsasını təşkil edən atributlardır. Təsadüfü deyil ki, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə görə dövlətlərarası münasibətlərdə, ümumiyyətlə, dövlətlərin müstəqilliyinin müəyyən edilməsində hər bir ölkənin ərazi bütövlüyünün toxunulmazlığı və sərhədlərin toxunulmazlığı əsas şərt kimi qoyulubdur.
Məşhur bir ifadə var ki, vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir.
Son əsrlər ərzində, demək olar ki, ilk dəfə, 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq cümhuriyyəti müstəqil Azərbaycanın sərhədlərinin qorunması haqqında qərar qəbul etmişdir. Bunun böyük bir tarixi əhəmiyyəti var. Eyni zamanda bu, Xalq cümhuriyyətinin çox çətin şəraitdə dövlət atributlarının müəyyən edilməsinə nə qədər böyük fikir verdiyini göstərir.
Təəssüflər olsun ki, o vaxt yaranmış Sərhəd Qoşunları müstəqil dövlətin sərhədlərinin qorunmasına xidmətini göstərə bilməmişdir. Çünki cəmi səkkiz aydan sonra Azərbaycan Xalq cümhuriyyəti süqut etmişdir. Ancaq həmin o qərarla Azərbaycanda sərhədçilik, sərhəd qoşunları ənənəsi yaranmışdır.
Sonrakı illərdə, sovet hakimiyyəti dövründə Azərbaycanın sərhədləri SSRİ-nin sərhədlərinin bir hissəsi olmuşdur. Azərbaycanın cənub tərəfdə İranla, Türkiyə ilə sərhədləri SSRİ sərhədlərinin tərkib hissəsi olaraq, SSRİ-nin sərhəd qoşunları tərəfindən mühafizə edilmişdir.
Yaşadığı quruluşdan, sistemdən asılı olmayaraq, Azərbaycan XX əsrdə həyatın demək olar ki, çox sahələrində təcrübə toplamış, bilik əldə etmiş və inkişaf etmişdir. Ancaq Azərbaycan müstəqil dövlət olmadığına görə, Azərbaycan xalqı bəzi sahələrdə peşələrə sahib ola bilməmiş və bu ənənə yaranmamışdır. XX əsrdə Azərbaycan xalqı elm, mədəniyyət, təhsil, sənaye, kənd təsərrüfatı sahələrində, demək olar ki, həyatın bütün sahələrində, öz torpağını, öz ölkəsini, öz vətənini inkişaf etdirmişdir və xalqımız dövlət müstəqilliyi əldə edərkən çox yüksək bir səviyyədə idi. Ancaq hərbi sahədə, yəni müdafiə sahəsində, silahlı qüvvələr sahəsində, o cümlədən sərhəd qoşunları xidməti sahəsində Azərbaycan xalqı bundan məhrum olmuşdur. Xarici siyasət sahəsində də SSRİ-nin vahid xarici siyasəti olmuşdur. SSRİ-nin vahid silahlı qüvvələri olmuşdur. SSRİ-nin vahid sərhəd qoşunları olmuşdur.
Ona görə də Azərbaycan dövlət müstəqilliyini əldə edərkən, qeyd etdiyim kimi, həyatın bütün sahələrində böyük təcrübəyə, biliyə, ənənələrə malik olduğu halda, silahlı qüvvələr sahəsində,- əgər bizim daxili hüquq-mühafizə orqanlarını istisna etsək, - bu sahədə, xarici siyasət sahəsində təcrübəsi olmamışdır. Əgər bizim tariximizə baxsanız, SSRİ mövcud olan dövrdə Azərbaycan xalqının nümayəndələrindən, yəni azərbaycanlılardan çox az miqdarda insanlar silahlı qüvvələrdə xidmət edib böyük rütbələrə çatmışlar, sərhəd qoşunlarında xidmət edib yüksək rütbələrə çatmışlar. Yaxud da ki, SSRİ-nin xarici siyasət xidmətində Azərbaycanın hansısa görkəmli, təcrübəli diplomatları olmamışdır.
Bununla onu demək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra onun çox böyük təməli vardı. Ancaq bu dediyim sahələrdə nə təməl var idi, nə ənənə var idi, nə də təcrübə var idi. Ona görə də bu sahələr tamamilə yenidən qurulmalıdır. Doğrudur, o vaxt, xüsusən ikinci dünya müharibəsi zamanı, ondan əvvəl də, ondan sonra da Azərbaycan xalqının bəzi nümayəndələri, azərbaycanlılar SSRİ silahlı qüvvələrində hərbi qulluqda olmuşlar, yüksək rütbələrə, general səviyyəsinə çatmışlar. Azərbaycanlılar ikinci dünya müharibəsində alman faşizminə qarşı mübarizədə öz paylarını vermişlər və qəhrəmanlıq nümunələri göstərmişlər, yüksək mükafatlara layiq görülmüşlər, yüksək rütbələr almışlar. Ondan sonrakı dövrdə də. Ancaq bunlar çox az olmuşdur. Sərhəd qoşunlarında isə azərbaycanlıların miqdarı, yəni zabit-general heyəti- mən komandan heyətini nəzərdə tuturam - demək olar ki, həddindən artıq az olmuşdur. Doğrudur, o vaxt SSRİ silahlı qüvvələrinə hər il çağırış zamanı Azərbaycandan 70 minə qədər gənc ordu sıralarına səfərbər edilirdi. O cümlədən onların bir qismi sərhəd dəstələrinə göndərilirdi. Amma onlar öz əsgərlik müddətini bitirəndən sonra tərxis olunur, geriyə qayıdırdılar. Təbiidir ki, iki il, ya üç il əsgərlik etməklə peşəkar hərbçi olmaq mümkün deyil, peşəkar sərhədçi olmaq mümkün deyildir.
Bunlar mənim xatirimdədir. Çünki mən vaxtilə uzun illər Azərbaycanda dövlət təhlükəsizliyi orqanlarında çalışarkən, sonra isə Azərbaycana rəhbərlik edərkən bunların canlı şahidi olmuşam. Ancaq bu, bir azərbaycanlı kimi məni həmişə narahat edib, həmişə incidibdir. Ona görə ki, bizim xalqımız SSRİ-nin ümumi işlərinə öz üzərinə düşəndən də artıq pay verdiyi halda, azərbaycanlılar hərbi xidmətdə, sərhəd qoşunlarında onlar yüksək vəzifələrə, yüksək rütbələrə çata bilməyiblər. Mən o illər axtarırdım, bəzən tapırdım ki, harada – ya orduda, ya sərhəd qoşunlarında hansı bir azərbaycanlı komandan vəzifəsindədir, zabit rütbəsi var. Harada olmalarından asılı olmayaraq, çalışırdım onlarla təmas quram, onlara qayğı göstərəm.
Belələri Azərbaycanın sərhədlərində də xidmət edirdilər. Amma çox az, çox az. Mən bunu barmaqla saya bilərəm. Bəlkə də hamısı yadımda deyildir. Amma bunlar çox az idilər. Bilmirəm, Nəsirov buradadır, yoxsa yox? Buradadır.
Xatirimdədir, o, uzun müddət sərhəd qoşunlarında xidmət edirdi. Ancaq nə qədər xidmət edirdisə, xidmətinə görə lazımi vəzifə, rütbə ala bilmirdi. Hətta xatirimdədir, bir dəfə cənubi Qafqaz sərhəd qoşunlarının komandanı general Matrosov mənim yanıma gəlmişdi. Mən ona danışırdım ki, sərhəd dəstələrində azərbaycanlıları irəliyə çəkmək lazımdır, onlardan istifadə etmək lazımdır. Məqsədim nə idi? Məqsədim o idi ki, bizim azərbaycanlılar bu peşəni də mənimsəsinlər, bundan kənarda qalmasınlar. Çünki bu, hər bir millət üçün lazımdır. Hər bir millətin bütün sahələrdə təcrübəli insanları olmalıdır. Mən buna görə çalışırdım. Mən ona bu sözləri söyləyəndə dedi ki, bizdə bir iki-üç nəfər var, onların da içində Nəsirovun, – yəqin, bu sözü desəm, acığına gəlməz, – çəkisi get-gedə azalır. Ona görə də bəlkə biz onu bir azdan sonra təqaüdə göndərdik. Mən dedim, bu, düzgün deyil, olmaz! O, elə əvvəldən bəziləri kimi kök adam olmayıbdır. Amma indi həkimlər deyirlər ki, bu, ən yaxşı haldır.
Nəinki burada, hətta Moskvada Sərhəd Qoşunlarının komandanlığı ilə görüşərkən, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Andropov ilə görüşərkən mən bu məsələləri qoyurdum. Ilk dəfə olaraq biz Bakıda cənubi Qafqazda sərhəd qoşunlarının operativ qrupunun yaradılmasına nail olduq. Nəsirovu oraya komandan təyin etdik və o, orada general rütbəsini ala bildi.
Məsələn, vaxtilə Azərbaycanda, Azərbaycan ərazisində sərhəd qoşunlarının komandanlığı və baş qərargahı yerləşirdi. Onların yerləşdiyi yer də indiki “cənub” mehmanxanası idi. Amma onların içərisində azərbaycanlılar ya tək-tük idi, ya da yox idi.
Mən o vaxt sərhəd dəstələrinə gedirdim, zastavalarda olurdum, komendaturalarda olurdum, görüşürdüm, onların qarşısında çıxış edirdim. Amma həmişə gözüm salonda axtarırdı – burada azərbaycanlı var, yoxsa yox.
Düzdür, mən bunu zastava komandirindən soruşa bilməzdim. Çünki bu, düzgün olmazdı. O, məni düzgün başa düşməzdi. Amma gözüm axtarırdı. Bax, biz belə bir yol keçmişik. Həm bütün Silahlı Qüvvələr, yəni Müdafiə Nazirliyi sistemində, həm də sərhəd qoşunları sistemində belə bir yol keçmişik. Ona görə də əgər biz dövlət müstəqilliyini əldə edəndə elm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı sahələrində böyük kadr potensialımız var idisə, silahlı qüvvələr sahəsində bizim nəinki böyük, heç kiçik kadr potensialımız da yox idi.
Burada Azərbaycan Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev öz çıxışında qeyd etdi ki, vaxtilə cəmşid Naxçıvanski adına məktəb yaratmaqla biz azərbaycanlıların hərbi işə cəlb olunmasına şərait yaratdıq. Mən bunu vaxtilə demişəm ki, o məktəbi yaradandan sonra mənə Moskvadan nə qədər təzyiqlər oldu. Çünki bu, o vaxt SSRİ sistemində həqiqətən qeyri-adi bir hal idi. Birincisi, belə bir ixtisaslaşmış orta məktəb heç yerdə yox idi. İkincisi də, bu işlərin hamısı Müdafiə Nazirliyinin inhisarında idi. Heç bir respublika özü üçün belə bir məktəb yarada bilməzdi. Amma mən o təşəbbüsü göstərdim, bunu yaratdım, bütün çətinliklərin öhdəsindən gəldim. Moskvadan bir neçə dəfə komissiya gəldi. Mənim qəbul etdiyim qərarları pozmaq istədilər. Ancaq mən onların hamısının qarşısını aldım. Mən indi Elçin Quliyevlə söhbət edəndə bildim ki, o da Naxçıvanski adına məktəbdə təhsil almış, sonra isə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil almışdır. Budur, Azərbaycan xalqının gələcəyi üçün 1970-ci illərdə mənim gördüyüm işlərin əyani nümunəsi!
Amma təkcə bu deyildir. Bizim ordumuzun, Müdafiə Nazirliyində komandir heyətinin əksəriyyəti Naxçıvanski adına məktəbi bitirib SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil alanlardır. Biz bununla yanaşı, o vaxt SSRİ-nin təxminən 45-46 ali hərbi məktəbinə azərbaycanlı gəncləri, - hansılar ki, fiziki hazırlığı baxımından və bilik cəhətindən orada oxuya bilərdilər, - güzəştlə qəbul etdirirdik. Bunlar hamısı bu gün üçün bizə lazım idi və lazım oldu.
Ancaq bunlara baxmayaraq, bir də qeyd edirəm ki, bizim ənənəmiz olmayıbdır. Nə yaxşı ki, biz o vaxtlar gələcək haqqında düşünmüşük, bu işləri görmüşük. Indi biz bunlardan istifadə edirik.
Azərbaycanda həm Silahlı Qüvvələrin, yəni Müdafiə Nazirliyinin formalaşması, həm də Sərhəd Qoşunlarının formalaşması demək olar ki, elə quru yerdən olubdur. Bu da müəyyən çətinliklər yaradıbdır. İkinci tərəfdən də, nəzərə alsaq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Ermənistan silahlı qüvvələri ilə müharibə aparırdı, Ermənistan silahlı qüvvələri Azərbaycanın bəzi hissələrini işğal etmişdi və Azərbaycanın içərisində ictimai-siyasi sabitlik pozulmuşdu, siz təsəvvür edə bilərsiniz ki, bizim Silahlı Qüvvələr, o cümlədən Sərhəd Qoşunları nə qədər ağır bir şəraitdə formalaşmağa başlayıbdır.
İlk illərdə həm kadr çatışmazlığı, həm təcrübənin olmaması, həm də Azərbaycanda daxili ictimai-siyasi sabitliyin olmaması, ayrı-ayrı silahlı dəstələrin çəkişməsi, hakimiyyət mübarizəsi – bunlar hamısı bu işlərin lazımi səviyyədə təşkilinə maneçilik törədibdir. Bəzən də görüləsi işləri pozubdur, dağıdıbdır.
Son illər, xüsusən biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edəndən sonra, dövlətçiliyi möhkəmləndirəndən sonra, qanunsuz silahlı dəstələrin qarşısını alandan sonra biz Silahlı Qüvvələrimizin, o cümlədən Sərhəd Qoşunlarının təşkili ilə ardıcıl surətdə məşğul olmuşuq. Mən bu gün böyük məmnuniyyət hissi ilə bəyan edirəm ki, artıq bizim formalaşmış Sərhəd Qoşunlarımız var və bu qoşunlar da Azərbaycanın sərhədlərinin keşiyində durublar. Düşünürəm ki, bundan sonra daha də əzmlə duracaqlar.
Bu gün Azərbaycanın Sərhəd Qoşunlarının üzərinə düşən vəzifə SSRİ vaxtında Azərbaycan ərazisində yerləşmiş SSRİ sərhəd qoşunlarının qarşısında duran vəzifədən qat-qat çətindir. Çünki birincisi, o vaxt sərhəd indikindən xeyli az idi. O vaxt sərhəd yalnız SSRİ-nin İran və Türkiyə ilə sərhəddi idi, başqa sərhəd yox idi.
Amma bu məsafədə olan sərhədə nə qədər böyük qüvvə cəlb olunmuşdu. Mən bunların hamısını bilirəm. Bütün sərhəd dəstələrində olmuşam. 41-ci sərhəd dəstəsi Naxçıvanda, 42-ci sərhəd dəstəsi, təəssüflər olsun ki, Hadrutda, - bunun haqqında bir-iki kəlmə deyəcəyəm, 43-cü sərhəd dəstəsi Prişibdə, indi Göytəpə deyirlər, 44-cü sərhəd dəstəsi Lənkəranda, 127-ci əlahiddə dəniz briqadası Bakıda yerləşirdi. Ancaq indi sərhəd nə qədər böyüyübdür. Bütün əvvəlki sərhədin, SSRİ vaxtı qorunan sərhədin üzərinə sərhədlər gəlibdir. Birincisi, Ermənistanla Azərbaycanın arasında olan böyük sərhəd. Baxmayaraq ki, indi bu sərhəd pozulubdur, ancaq bu bərpa olunacaq və bu, sərhədçilərin qarşısına gələcəkdə böyük vəzifələr qoyur. Indi bu sərhəd pozulub və Azərbaycanın torpaqlarının o hissəsinin qorunması və ümumiyyətlə, Azərbaycanın erməni işğalından müdafiə olunması Azərbaycanın Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin üzərinə düşübdür. Ermənistan silahlı qüvvələri rayonlarımızı işğal etdiklərinə görə, İranla olan sərhədin təxminən 125-130 kilometri Araz qırağında bəzi rayonları işğal etdiklərinə görə onların nəzarəti altındadır. Ancaq Rusiya ilə, Gürcüstan ilə sərhəd əvvəlki sərhədin üstünə gəlibdir. Ona görə bu gün də Azərbaycanın sərhəd qoşunlarının həm vəzifəsi çox artıbdır və gələcəkdə də get-gedə artacaqdır, həm də məsuliyyəti artıbdır. Mən o vaxt SSRİ-də olan sərhəd dəstələrinin adlarını çəkdim. Bəlkə də çox adam o vaxt buna fikir vermirdi. Adətən, sərhəd dəstələri sərhədə yaxın nöqtələrdə yerləşirdi. Məsələn, Naxçıvanda 41-ci sərhəd dəstəsinin qərargahı sərhəddən cəmi 10 kilometr məsafədə idi. Onu da xatırlamaq istəyirəm ki, onlar keçmişdən, hələ çar dövründən qalmış kazarmalarda yerləşirdilər. Sonra isə Nəsirov orada komandan olan zamanı xahiş etdilər, mən Azərbaycanın büdcəsindən xüsusi vəsait ayırdım. Orada sərhəd dəstəsinin qərargahı üçün böyük bina tikdilər. İndi Naxçıvanda olan sərhəd dəstəsi orada yerləşir.
Bir o deyil. Başqa yerlərdə də zastavaların, komendaturaların tikilməsində biz Sərhəd Qoşunlarına Azərbaycanın vəsaiti hesabına kömək edirdik. 42-ci sərhəd dəstəsi əslində Füzuli rayonunun ərazisində olmalı idi. Amma bunu aparıb sərhəddən uzaqlaşdırmışdılar, Hadrut rayonunda yerləşdirmişdilər. Hadrut rayonundan sərhədə məsafə çox uzaqdır. Indi düşünün, nə üçün? Bəlkə vaxtilə bunu düşünənlər az idi. Amma indi gərək hamı bunu anlaya bilsin. Nə üçün? Çünki o vaxt SSRİ-nin siyasətində bax, bu amillər öz yerini tutmuşdur: məsələn, Azərbaycanda hərbi hissələrin mümkün qədər ermənilər olan yerdə yerləşdirilməsi. Ona da Hadrut sərhəd dəstəsi deyirdilər. Nə üçün Hadrut? Bu da o vaxtın siyasəti idi.
Beləliklə, Azərbaycanın sərhədləri indi bir neçə dəfə artıbdır. Ona görə də Azərbaycan müstəqil dövlət olaraq sərhədlərin qorunmasını xüsusi vəzifə hesab edir və Azərbaycanın Sərhəd Qoşunlarının gələcək inkişafı bizim üçün çox vacibdir.
Mən bu gün sizinlə danışanda kadr potensialı haqqında dedim. Ancaq bizim sərhədçilərimizin işində çətinlik yaradan məsələlərdən biri də ondan ibarətdir ki, 1989-1990-cı illərdə bəzi adamlar İran ilə olan sərhəddə SSRİ vaxtı qurulmuş çox etibarlı mühəndis-texniki vasitələri dağıtdılar. O vaxt bunlar belə ab-hava ilə yaşayırdılar ki, bəli, biz bu sərhədləri pozub kimnənsə, hara iləsə birləşdiririk. Amma mən bilirəm, sərhədin bir kilometrində mühəndis-avtomatik qurğuların yaradılması üçün nə qədər vəsait sərf olunurdu. O tikanlı simlər ki var, onlar bir neçə cərgə olurdu. Ora toxunan kimi,- onlar hamısı elektrik cərəyanlı idi,- idarə edilən yerdə məlum olurdu.
Mənim o vaxtdan xatirimdədir, çox hallarda, məsələn, tülkü, ya dovşan, yaxud hansısa bir heyvan gəlib simə toxunurdu. Dərhal həyəcan siqnalı verilirdi, bilinirdi ki, hansı sahədədir. Orada idarəetmə pultu var idi. Sərhədçilər dərhal onu axtarırdılar, bəzən tapa bilmirdilər.Elə bilirdilər ki, o adam artıq keçdi getdi. Amma orada nəzarət zolağı elə olurdu ki, oraya adam yaxud heyvan ayağını basanda izi qalır. Onunla da müəyyən edirdilər ki, burdan insan keçibdir, yaxud heyvan keçibdir. Bu qədər etibarlı idi.
Mənim xatirimdədir, bir dəfə Biləsuvar tərəfdə sərhədi pozmuşdular. Məlumat verdilər ki, guya dəqiq məlum olub ki, bu, İrandan keçmiş adamdır. Oraya çoxlu qüvvə cəlb olundu. Çünki artıq o, sərhəddə yox idi. Mən özüm də oraya getdim. Çünki əgər sərhəd hissəsində sərhədçilər cavabdeh idisə, ondan sonrakı hissədə isə yerli təhlükəsizlik orqanları cavabdeh idi. Belə məlumat var idi ki, guya o, sərhəd dəstəsindən artıq keçibdir. İki-üç gün axtardıq. Nəhayət, tapıldı ki, haradasa, hansısa bir dərədə yıxılıb və həlak olubdur.
Bilirsiniz, mən bu gün bu faktları ona görə xatırlayıram ki, birincisi, vaxtilə SSRİ dövləti öz sərhədlərini necə etibarlı qoruyurdu və ona nə qədər vəsait xərcləyirdi. Ikincisi də, sərhəd dəstəsində xidmət etmək, sərhədçi olmaq, sərhədçi peşəsini daşımaq nə qədər çətindir və nə qədər ağırdır. İllər boyu yaranmış mühəndis-texniki qurğuların o, vaxt, 1989-1990-cı illərdə bir-iki günün içərisində dağıdılması indi bizim müstəqil dövlətimizə zərər gətirir.
Burada Elçin Quliyev dedi ki, bəzi yerlərdə onlar bu simləri bərpa edirlər.
Elədirmi?
Elçin Quliyev: - Elədir ki var. 300 kilometrini bərpa etmişik.
Heydər Əliyev: - 300 kilometr. Amma sizdə onların o vaxtkı idarəetmə sistemi də varmı?
Elçin Quliyev: - Xeyr.
Heydər Əliyev: - Yoxdur. Siz ancaq bu simləri bərpa edirsiniz ki, həmin simlər keçmək istəyənə mane olsun. Elədirmi?
Elçin Quliyev: - Elədir ki var.
Heydər Əliyev: - O simi kəsib keçən adamı sən bilməyəcəksən ki, haradan keçir. Amma o vaxt simi nəinki kəsən kimi, hətta ona toxunan kimi bilinirdi.
Bax, o vaxtlar, Azərbaycanda hərc-mərclik dövründə o avantürist, ağılsız adamların gedib həmin mühəndis-texniki qurğuları dağıtması, indi sərhədlərin qorunmasında bizə nə qədər zərər vurur. Əgər onlar qalsaydı, təbiidir ki, heç bizim o vaxtki sistemi bərpa etmək mümkün olmasaydı da, - indi deyir, 300 kilometrdə tikanlı simlər çəkiblər,- heç olmasa, o tikanlı simlər qalsaydı, biz indi bu sərhədlərin qorunmasında daha da uğurlu işlər görə bilərdik.
Bütün bu tarixə nəzər salaraq, Sərhəd Qoşunlarının yaranması, təşkil olunması və inkişafında keçdiyi yola nəzər salaraq, mən bir daha qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan özünün sərhəd qoşunlarının yaranmasında böyük çətinliklərə də rast gəlibdir. Ancaq indi artıq biz dövlət müstəqilliyimizin 10-cu ildönümünə gedərək, onu qeyd edərək, deyə bilərik ki, sərhədlərin qorunması üçün xeyli işlər görmüşük. Bizim etibarlı zabit heyətimiz də var, əsgərlərimiz də var. Onlar Azərbaycanın, müstəqil Azərbaycanın sərhədlərinin keşiyində cəsarətlə duracaqlar.
Bu gün bayramdır. Həm sərhədçilərdə, həm Milli Təhlükəsizlik Nazirliyində, həm də bizim ictimaiyyətdə heç də belə bir əhval-ruhiyyə yaranmasın ki, biz hər şeyi düzəldə bilmişik. Yox. Düzəldə bilməmişik. Birincisi, ona görə ki, bir çox hallarda bizim imkanlarımız məhduddur. İkincisi də, təəssüflər olsun ki, sərhəd qoşunlarında xidmət edən bəziləri vəzifəsindən sui-istifadə edir, cinayət yoluna gedir, qaçaqmalçılıqla məşğul olan adamlara şərait yaradır, onlarla əlbir olur, onlara kömək edirlər. Beləliklə, qanunsuz qazanc əldə edirlər. Belə hallar az deyildir. Belə hallar həm sərhəd-buraxılış məntəqələrində var, - o yerdə ki, sərhədçilər gömrük işçiləri ilə birlikdə insanların pasportla keçməsini təmin edirlər, - həm də sərhədin başqa hissələrində var. Siz onları yaxşı bilirsiniz. Biz bunları müzakirə etmişik. Mən bunu artıq geniş izah etmək istəmirəm. Ancaq bunlar var. Bunlar da bizi narahat edir. Məsələn, o iki əsgər sərhədi qoruyarkən şəhid oldular və sizin təqdimatınızla mən onların “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Fərman imzaladım. Belə nümunə də var. Ancaq təəssüflər olsun ki, belə nümunə azdır. Mən istəmirəm ki, bizim əsgərlərimiz şəhid olsunlar.
Amma istəyirəm ki, bizim əsgərlərimiz, zabitlərimiz Azərbaycanın sərhədlərinin keşiyində möhkəm dursunlar, öz vəzifələrini yerinə yetirsinlər. Onda onlar Azərbaycan sərhədlərini pozanların əksəriyyətinin qarşısını alarlar. Amma əgər hansı bir şəraitdə hadisə baş vermiş olsa, onlar xalq, vətən yolunda şəhid olacaqlar. Şəhidsiz vətən yoxdur, şəhidsiz millət yoxdur, şəhidsiz xalq yoxdur. Ona görə də gərək bu gün sizin işinizə verilən bu müsbət qiymətdən özünüz üçün nəticə çıxarasınız. Nəticə də ondan ibarət olmalıdır ki, siz işinizdə olan ciddi nöqsanları aradan qaldırmalısınız.
Son vaxtlar bizim Sərhəd Qoşunlarında yaranmış qanun-qayda və vəzifələrin yerinə yetirilməsində göstərilən cəhdlər məndə ümid yaradır ki, onlar qüvvələrinin az olmasına baxmayaraq, vəsaitin az olmasına baxmayaraq, artıq bir çox işlər görüblər. Ancaq bu, onların gördüyü işlərin başlanğıcıdır. Gərək bundan sonra çox işlər görülsün.
Bilirsiniz, sərhədlərin qorunması dövlət müstəqilliyinin təmin olunması ilə bağlıdır. Burada həm sərhəddən casusların, təxribatçıların keçməsi və onların ölkəmizdə casusluq etmək, təxribat etmək hallarının qarşısı alınmalıdır. Milli Təhlükəsizlik Nazirliyində artıq belə faktlar çoxdur. Yəni onların qarşısı alınıbdır - ya sərhəddə yaxalanıblar, yaxud da, təəssüflər olsun, sərhədi keçərək Azərbaycan ərazisinin bəzi yerlərində öz fəaliyyətlərini, öz ölkələrinin xüsusi xidmət orqanlarının göstərişlərini yerinə yetirərkən ifşa olunublar, məsuliyyətə cəlb ediliblər. Ancaq deyə bilmərəm ki, bütün casuslar yaxalanıb, yaxud da ifşa olunublar. Bu barədə həm Milli Təhlükəsizlik Nazirliyi, həm də Sərhəd Qoşunları hələ çox işlər görməlidirlər. Son vaxtlar bütün dünya üçün, o cümlədən bizim üçün çox aktual problem beynəlxalq terrorizmdir. Beynəlxalq terrorizmlə mübarizə indi artıq qlobal şəkil alıbdır. Bu, indi hamını, Avropa ölkələrini də, başqa ölkələri də narahat edir.
Beynəlxalq terrorizm birinci növbədə, sərhəddən keçən terrorçular vasitəsilə həyata keçirilir. Onlar ya nəzarət-buraxılış məntəqəsindən keçə bilir, yaxud da sərhədin bir hissəsini pozmaqla buna nail olurlar.
Dini ekstremizm də böyük təhlükələrdən biridir. Biz görürük, müşahidə edirik ki, son illər bu, təkcə Azərbaycanda yox, Avropanın cənub hissəsində, hətta şimala qədər yerlərdə də böyük zərbələr vurur. Biz Azərbaycanda dini ekstremizmlə, fanatizimlə ciddi mübarizə aparmalıyıq. Azərbaycan Konstitusiyası hər bir vətəndaşa vicdan azadlığı hüququ veribdir. Amma təkcə hüquq verməklə qurtarmayıbdır. Azərbaycan dövləti həm də bunu təmin edir. Dinindən, milliyyətindən asılı olmayaraq, hər bir insan öz vicdan azadlığını həyata keçirmək imkanına malikdir. Bunun üçün çoxlu dini müəssisələr yaranıbdır, məscidlər tikilibdir və başqa işlər görülübdür. Ancaq biz yol verə bilmərik ki, din pərdəsi altında, fanatizm yolu ilə təxribatlar aparılsın, bizim insanlarımız, xüsusən gənclərimiz belə təhlükəli və dəhşətli işlərə cəlb olunsun. Çünki belə hallar bizim xalqımıza vurulan zərbədir və bizim dövlətçiliyimizə vurulan zərbədir. Biz bunların qarşısını almalıyıq.
Narkotiklərin hazırlanması və müxtəlif sərhədlərdən Avropa ölkələrinə, başqa ölkələrə keçirilməsi də son illər genişlənibdir. Burada Azərbaycan da istisna deyildir. Bizim hüquq-mühafizə orqanları Azərbaycanda narkotik vasitələr alveri edən adamların bir çoxunu yaxalayıb ifşa edə biliblər. Sərhədçilər qaçaqmalçılıq vasitəsilə, yaxud da buraxılış məntəqələrindən narkotik maddələrin keçirilməsi hallarının qarşısını alıblar. Ancaq bu heç də o demək deyil ki, biz bu dəhşətli halla mübarizəni tam təşkil edə bilmişik. Yox. Bu, bir tərəfdən insanların səhhəti üçün zərərlidir. İkinci tərəfdən, narkobiznes, narkotik maddələrin hazırlanması və gizli yolla müxtəlif ölkələrə keçirilib satılması beynəlxalq terrorizm təşkilatlarının vəsait mənbəyidir. Ona görə bu məsələyə çox geniş baxmalıyıq. Bunun hər iki tərəfi bizim üçün təhlükəlidir.
Birincisi, biz xalqımızın sağlamlığını qorumalıyıq, ikincisi də xüsusən, gənclərin bu narkotik maddələrdən istifadə etməsi meyllərinin qarşısını almalıyıq. Təəssüf ki, bu meyllər var və axır zamanlar artıbdır. İkinci tərəfdən, beynəlxalq terrorizmlə mübarizə məqsədi ilə narkotik maddələrin müxtəlif vasitələrlə Azərbaycana keçirilməsi və Azərbaycandan başqa ölkələrə keçirilməsinin qarşısı alınmalıdır. Ona görə də bizim Sərhəd Qoşunlarının qarşısında, milli təhlükəsizlik orqanlarının qarşısında, hüquq-mühafizə orqanlarının qarşısında bu sahədə böyük vəzifələr var. Mən görülən işləri qiymətləndirirəm. Amma bu gün çatışmazlıqları, nöqsanları da etiraf etməyə bilmərəm. Düşünürəm ki, siz bunlardan nəticə çıxaracaqsınız.
Bütün bu vəzifələri yerinə yetirmək üçün bütün Silahlı Qüvvələrdə, o cümlədən Sərhəd Qoşunlarında gərək hər bir əsgər, hər bir zabit, hər bir komandir müstəqil dövlətinə, doğma vətəninə, millətinə, Azərbaycan dövlətçiliyinə sadiq olsun. Zabitlərin, komandirlərin borcu ondan ibarətdir ki, birincisi, özləri bu sədaqəti özlərində yaratsınlar və nümayiş etdirsinlər. İkincisi, gənc əsgərlərin təlim-tərbiyə işində bu məsələləri ön sırada tutsunlar və buna nail olsunlar.
Millətə, dövlətə, dövlətçiliyə sədaqət çox geniş məfhumdur. Bəziləri bunun əksini ancaq dövlətə, sadəcə, birbaşa xəyanət kimi anlayırlar. Təbiidir ki, xəyanət ən təhlükəlidir. Ancaq eyni zamanda, vətəninə, millətinə sədaqət hər bir şəxsin yüksək mənəviyyata malik olmasındadır. Əgər insan yüksək mənəviyyata, mütərəqqil ənənələrə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, mentalitetinə sahib olmasa, hesab edirəm ki, onun vətəninə, xalqına sadiqliyi natamam olur. Ona görə də gərək bizim bütün Silahlı Qüvvələrdə, o cümlədən sərhəd dəstələrində bu məsələ ön planda olsun. İdeoloji iş hər yerdə olmalıdır. Təlim-tərbiyə hər yerdə olmalıdır. Ancaq Silahlı Qüvvələrdə, yəni orduda, Sərhəd Qoşunlarında bu, daha da çox olmalıdır.
Çünki Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin və yaranmış bugünkü ictimai-siyasi sabitliyin təminatçısı Azərbaycanın Silahlı Qüvvələridir, Azərbaycanın hüquq-mühafizə orqanlarıdır, Azərbaycanın Sərhəd Qoşunlarıdır, Azərbaycanın Müdafiə Nazirliyidir. Siz bunu bilməlisiniz və ən əsas vəzifə kimi qəbul etməlisiniz.
Silahlı Qüvvələr siyasi cəhətdən bilikli, hazırlıqlı olmalıdır. Bu da o deməkdir ki, Azərbaycanın Konstitusiyasını yaxşı bilməlidirlər, qanunlarını yaxşı bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycanın dövlətçiliyi nədən ibarətdir, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın, millətimizin bu günü və gələcəyi üçün nə qədər qiymətlidir və Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyin qorunması və daha da möhkəmlənməsi nə qədər vacibdir. Ona görə ideoloji iş bu məsələlər ətrafında getməlidir.
Təbiidir ki, bizim Silahlı Qüvvələrimiz böyük siyasi potensiala malik olaraq, hansısa bir siyasi hərəkata qoşula bilməzlər. Ona görə də Silahlı Qüvvələrə ayrı-ayrı partiyalara, yaxud müxtəlif siyasi qruplara məxsus olan adamların soxulmasının, təxribat işlərinin aparılmasının qarşısı alınmalıdır. Biz sizə arxalanırıq, sizə ümid edirik və inanıram ki, siz bu etimadı həmişə doğruldacaqsınız.
Biz bu gün qeyd etdik ki, Azərbaycan indi öz dövlət müstəqilliyinin onuncu ildönümünü qeyd edərək, bu on ilin tarixini də təhlil edir. Təəssüflər olsun ki, - mən bunu bir neçə dəfə demişəm, sizin qarşınızda da deməyi artıq hesab etmirəm,- Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman Ermənistanın təcavüzünə məruz qalmışdı, müharibə aparırdı və Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin bir qismini işğal etmişdir. Bunun səbəbi bir tərəfdən, Azərbaycanın torpaqlarının müdafiə edilməsi üçün məsul şəxslərin lazımi tədbirlər görməməsi idi. İkinci tərəfdən isə, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasından istifadə edərək, Ermənistan silahlı qüvvələri torpaqlarımızın bir çox hissəsini tamamilə asanlıqla, bizim tərəfimizdən, demək olar, heç bir müqavimətə rast gəlmədən işğal etmişdir. Ona görə də biz o dövrün acı nəticələrini yaşayırıq. Bundan sonra Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yol verilə bilməz. 1993-cü ildə Azərbaycan yanırdı. İndi 8 il ötübdür. Belə şeylər, təəssüflər olsun ki, tez unudulur. Bəzi gənclərimiz heç o vaxtı bəlkə yaxşı bilmirlər. Çünki indi 18 yaşı olan gəncin o vaxt 10 yaşı vardı. Ola bilər, heç o anlamırdı ki, bu nədir. Amma təəssüf ki, başqa yaşa mənsub olan insanlar da unudurlar- keçdi, qurtardı. Düşünmürlər ki, ölkəmiz öz coğrafi-strateji vəziyyətinə, müstəqil siyasət apardığına görə, böyük təbii sərvətləri olduğuna görə, müxtəlif yerlərdən Azərbaycana qarşı müxtəlif təxribat əməliyyatları daim olacaqdır. Onun üçün də Azərbaycanda ictimai-siyasi sabitlik, sağlam mühit, xalqın birliyi bütün bu çətinliklərin qarşısını almaq üçün əsas şərtdir.
Bizim güclü ordumuz var. İndi yaxşı təşəkkül tapmış Sərhəd Qoşunlarımız var. Artıq lazımi səviyyəyə çatmış hüquq-mühafizə orqanlarımız var, milli təhlükəsizlik orqanımız var. Ancaq bu, o demək deyil ki, biz bununla kifayətlənməliyik və Azərbaycana müxtəlif yerlərdən olan bütün təxribatların və ölkənin daxilində yenidən ictimai-siyasi sabitliyi pozub öz məqsədlərinə nail olmaq istəyənlərin qarşısını almamalıyıq, yaxud buna biganə qalmalıyıq. Təəssüflər olsun ki, bəzi adamlar tərəfindən belə biganəlik göstərilir.
Azərbaycanda Konstitusiyanın təsbit etdiyi bütün müddəalar həyata keçirilibdir. Azərbaycan hüquqi, demokratik dövlətdir və bu yolla inkişaf edir. Ölkəmiz Avropa Şurasına daxil olubdur. Azərbaycanda bütün sahələrdə islahatlar keçirilir. İqtisadi sahədə aparılan islahatlar öz müsbət nəticələrini veribdir. Respublikamızın iqtisadiyyatı inkişaf dövrünə keçib. İnsanların rifah halı günü-gündən yaxşılaşır və bundan sonra da yaxşılaşacaqdır. Yəni Azərbaycan tutduğu bu yol ilə ardıcıl surətdə gedir və gedəcəkdir. Ancaq buna mane olmaq istəyənlər də var. Ayrı-ayrı qüvvələr müəyyən təbəqələri qızışdırıb ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.
Azərbaycanda bir milyondan artıq məcburi köçkün, qaçqın yaşayır. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. İndi humanitar yardımlar azalır. Ona görə də iki gün bundan öncə mən məcburi köçkünlərə hər ay 906 milyon manat vəsait ayrılması haqqında Sərəncam verdim ki, kəsilən humanitar yardımların əvəzi təmin edilsin və insanlar əvvəllər aldıqları ərzaq məhsullarını bundan sonra da ala bilsinlər. Mən bu günlərdə bir neçə başqa tədbirlər də görəcəyəm. Ancaq buna baxmayaraq, bəzi qüvvələr demokratiya pərdəsi altında gecə-gündüz öz mətbuat orqanlarından istifadə edərək, yaxud ayrı-ayrı bölgələrdə təxribatçı işlər görərək, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Buna heç vaxt yol verilməyəcəkdir. Heç vaxt! Mən hesab edirəm ki, Azərbaycan dövlətinin gücü ondadır ki, o, ümumxalq etimadını bu 8 ildə doğruldub və bundan sonra da doğruldacaqdır.
Həmin qüvvələr orada-burada cürbəcür şaiyələr, uydurmalar yayırlar ki, payızda hakimiyyət dəyişikliyi olacaqdır. Kimsə “X” günü icad edibdir ki hakimiyyətə gələcəklər. Hansısa partiyanın, qüvvənin hakimiyyətə gəlməsinə heç kəs mane olmur. Ancaq bu, demokratiya yolu ilə, seçki yolu ilə olmalıdır. Amma o adamlar ki, indi qəzetlərdə müraciət edib insanları itaətsizliyə dəvət edirlər, dövlətə qarşı çıxışlar etməyə dəvət edirlər, onlar demokrat hesab oluna bilərmi? Onlar təxribatçıdırlar, cinayətkardırlar. Nə “X” günü, nə payız, nə filan – bunlar hamısı boş sözlərdir. Sadəcə, bu da təxribatın bir yolu, bir üsuludur. Beləliklə, bəzi insanlarda ayrı-ayrı fikirlər, çaşqınlıq yaratmaq istəyirlər. Amma yarada bilməzlər. Belə bir məsəl yadıma düşür: ac toyuq yuxusunda darı görər. Onlar da buna bənzəyirlər.
Bu günlərdə hansısa bir qəzetdə oxudum ki, bir müxalifətçi deyir ki, Azərbaycanda postsovet məkanında ən güclü müxalifət var. Hansı güclüdür, hansı gücsüzdür, onu heç kəs öncə bilməz. Bəzi adamlar hesab edirlər, dünyada hamıdan ağıllı, hamıdan güclüdürlər. Bu da ona bənzəyir. Ancaq mən isə onu deyə bilərəm ki, Azərbaycanda postsovet məkanında ən mənəviyyatsız müxalifət var.
Müxalifət demokratiyanın təbii bir hissəsidir. Müxalifət olmayan yerdə demokratiya ola bilməz. Ancaq demokratiyanı təhrif etmək və demokratiyanı pozmaq, insanlarda müxtəlif fikirlər yaratmaq - bunlar mənəviyyatsızlıqdır. Kim hakimiyyətə gəlmək istəyirsə, 2003-cü ili gözləsin. 2003-cü ildə prezident seçkiləri olacaqdır. Ancaq onlar da bilsinlər ki, mənimlə, Heydər Əliyev ilə qarşılaşacaqlar.
Mən bu gün Sərhəd Qoşunları ilə, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ilə və Azərbaycanın burada iştirak edən dövlət adamları ilə yenidən görüşməyimdən çox məmnunam. Mən bu binaya girəndə həmişə iftixar hissi keçirirəm. Bir ona görə yox ki, mən keçmişdə uzun illər bu sistemdə işləmişəm və onu da həyatımın ən gözəl hissələrindən biri hesab edirəm. Mənim biliyim, təcrübəm və məndə olan başqa – indi özüm haqqında demək istəmirəm – xüsusiyyətlər, hansı ki, məni bütün çətinliklərdən keçirdi və bu günə gətirdi, bunların çoxunu o illərdə almışam. Ancaq mən fəxr edirəm ki, o vaxt belə bir gözəl binanın tikilməsinin, başa çatmasının təşəbbüskarı olmuşam. Nəinki təşəbbüskarı olmuşam, bunun üçün vəsaitlər ayırmışam, tikilməsinə nəzarət etmişəm. İndi mən buraya gəlib görürəm, nə gözəldir. Amma bilmirəm, keçmişdən işləyən adamlar indi burda var, yoxsa yox, - mən Yusifzadəni görürəm, başqalarını görürəm. Biz hansı binada işləyirdik. Keçmişdə, nə bilim, hansısa paroxod şirkətinin binaları idi, nə idi. Biz o binada işləyirdik. O vaxt belə bir salon harada idi?
Yadımdadır. Ziya, sən xatırlayırsan, biz dəhlizi kəsib orada özümüz üçün zal etmişdik. Doğrudur, o vaxtlar bizim orqanımızın gözəl sarayı var idı – Dzerjinski adına klub. İndi Şəhriyar adınadır. Onu da o vaxtlar təhlükəsizlik orqanları yaradıblar. Bizim əsas tədbirlərimiz orada keçirdi. Ancaq bizim işlədiyimiz bina yararsız halda idi.
Ona görə 70-ci illərdə mən düşündüm ki, nəhayət, neçə illər keçibdir, bizim bu təşkilat, vacib orqan üçün yeni bina tikmək lazımdır. Mən binanın layihəsinə baxdım, lazımi vəsaitlər ayırdıq, tikinti başlandı və nəhayət, buna nail olduq. Mən sevinirəm. Ona görə ki, məni düzgün başa düşün, bu da əsərlərimdən biridir. Amma təkcə buna görə yox. Sevinirəm ona görə ki, indi bizim çox vacib, çox ağır işlərlə məşğul olan Milli Təhlükəsizlik Nazirliyinin öz vəzifələrini yerinə yetirmək üçün yaxşı şəraiti vardır.
Mən inanıram ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır. Mən inanıram ki, bundan sonra Azərbaycan bir müstəqil dövlət kimi bütün təsisatlarını, bütün orqanlarını təkmilləşdirəcək, inkişaf etdirəcək və Azərbaycan xalqının, millətimizin mənafelərinin bütün sahələrdə qorunması və təmin olunması üçün lazımi işlər görməyə qadir olacaqdır.
Bir də qayıdıram Sərhəd Qoşunlarına. Onlar ön sıradadırlar. Sülh vaxtı bütün qoşun hissələrindən ön sırada olanlar sərhədçilər olurlar. İnanıram ki, bizdə də sülh yaranacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, köçkünlər öz yerlərinə-yurdlarına qayıdacaqlar. Azərbaycanın sərhədləri bərpa ediləcək və ərazi bütövlüyü təmin olunacaqdır. Ona görə də gərək bizim Sərhəd Qoşunları gələcək günlərə ciddi hazırlaşsınlar.
Azərbaycan əsgəri, Azərbaycan zabiti, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hər bir kəs millətinə, Vətəninə, torpağına, dövlətinə, xalqına daim sədaqət hissi ilə yaşamalıdır, işləməlidir. İnanıram ki, Azərbaycanın Sərhəd Qoşunlarının bütün şəxsi heyəti - əsgərlər də, zabitlər də, generallar da cəsurluq, rəşadət, qəhrəmanlıq, yüksək peşəkarlıq nümunələri göstərəcəklər və Azərbaycan Silahlı Qüvvələrinin içində nümunə olacaqlar.
Mən sizin hamınızı bir daha təbrik edirəm. Təbrik sözlərimi sərhədlərimizin keşiyində duran əsgərlərə, sərhədçilərə göndərirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sərhəd Qoşunları, hər bir sərhədçi Azərbaycan dövlətinin onlara göstərdiyi bu etimadı doğruldacaqdır. Sağ olun.