Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasının müəllifi
Azərbaycanın sərhəd mühafizəsi tarixi çox qədimdir. İndiki Azərbaycan ərazilərində yaradılmış qədim türk dövlətləri öz sərhədlərini mərdliklə qorumuşlar. Buna görə də sərhədçi peşəsi qədim zamanlardan şərəfli peşə sayılmışdır. Təsadüfi deyil ki, 1300 ildən çox yaşı olan «Kitabi-Dədə Qorqud» dastanında da sərhədi qoruyan cəngavərlər böyük məhəbbətlə tərənnüm olunmuşlar. Tariximizdə sərhəd mühafizəsi ilə bağlı ilk rəsmi sənəd isə 1918-1920-ci illərdə fəaliyyət göstərən və Şərqin ilk demokratik respublikası olan Azərbaycan Demokratik Cümhuriyyəti dövründə hazırlanmışdır. 1919-cu il avqustun 18-də «Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul olunmuşdur.
Sovet dövründə Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini sovet sərhədçiləri qorumuşlar. Şərq, şimal və qərb istiqamətlərində isə heç bir sərhəd infrastrukturu olmamışdır. Müstəqillik əldə etdikdən sonra - 1991-ci il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi təsis edilmiş və ölkəmizin sərhədlərini milli qüvvələrimiz qorumağa başlamışlar. 1993-cü il martın sonu - aprelin əvvəllərində keçmiş SSRİ sərhədçiləri Azərbaycanı tərk etmişlər.
Həmin dövrdə Azərbaycan Respublikasının Sərhəd Qoşunları ciddi problemlərlə üzləşmişdi. İran İslam Respublikası və Türkiyə ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğular dağıdılmış, hərbi texnika və digər maddi-texniki vasitələr yararsız hala salınmışdı. İxtisaslı kadrlara ciddi ehtiyac duyulurdu. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 kilometr sahəsinə nəzarət etmək qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən öz məqsədləri üçün yararlanmağa çalışırdılar. Bütün bu amillər dövlət sərhədinin pozulması hallarının sayının kəskin artmasına gətirib çıxarmışdı.
Həmin illər ərzində dövlət sərhədinin mühafizəsi əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilmiş, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri uyğunlaşdırılmış binalarda, vaqonlarda yerləşdirilmişdi.
O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan dahi öndər Heydər Əliyevin iradəsi, qətiyyəti və nüfuzu sayəsində yalnız muxtar respublikadakı sərhəd infrastrukturları qorunub saxlanıldı və sovet sərhədçiləri hərbi texnika və vasitələri bütünlüklə təhvil verərək ölkəni tərk etdilər. Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan sərhədçiləri zəruri sərhəd infrastrukturlarının yaradılması işlərinə faktiki olaraq sıfırdan başlamışlar.
Müstəqilliyin ilk illərində ölkəmizin daxilindəki qeyri-sabitlik digər sahələrdə olduğu kimi, dövlət sərhədlərimizin mühafizəsi işinin təşkilinə də mənfi təsir etmiş, normal sərhəd strukturlarının yaradılması, Sərhəd Qoşunlarının formalaşması prosesi, demək olar ki, getməmişdir. Ümummilli Liderimiz, Azərbaycan xalqının və dövlətinin xilaskarı Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin tarixində yeni mərhələ başlamışdır. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük siyasi xadimin gərgin fəaliyyəti, tükənməz enerjisi, böyük siyasi iradəsi və nüfuzu sayəsində qısa zaman ərzində tənəzzül proseslərinin qarşısı alınmış və inkişaf mərhələsi başlanmışdır. İctimai-siyasi, iqtisadi, mədəni həyatımızın bütün sahələrində olduğu kimi, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması işlərində də ciddi dönüş yaranmışdır. Xüsusi şəkildə qeyd olunmalıdır ki, müstəqillik illərində sərhədlərin mühafizəsi sahəsində əldə edilmiş bütün uğur və nailiyyətlərin kökü hələ ötən əsrin 60-cı illərində xalqımızın böyük oğlu Heydər Əliyevin qəbul etdiyi taleyüklü qərarlarla sıx bağlıdır. Məlumdur ki, sovet dövründə Silahlı Qüvvələrdə, o cümlədən Sərhəd Qoşunlarında milli azlıqların xidməti inkişafına qeyri-rəsmi və süni maneələr yaradılırdı. Yalnız Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində DTK kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında da azərbaycanlı zabitlərin xidməti inkişafına xüsusi diqqət yetirilmiş, milli kadrların yüksək vəzifələrə irəli çəkilmələri təmin olunmuşdur. 1967-ci ilə qədər milliyyətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov polkovnik rütbəsini aldığı halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdır.
O dövrdə Dahi Öndərimizin gələcəyə ünvanlanmış qərarlarından biri də SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qoşun hissəsinin Bakıda yaradılmasıdır. Həmin əməliyyat qoşun hissəsinin rəisi vəzifəsinə polkovnik M.Nəsirovun təyin edilməsi o vaxtlar üçün çox böyük nailiyyət idi. Artıq 70-ci illərdə azərbaycanlı polkovniklərdən Abbasəli Novruzovun, İnayət Xəlilovun, İskəndər Allahverdiyevin, Cahangir Qulamovun, Sədrəddin Müştəidzadənin, Əli Şəfiyevin, Əli Bağırovun, Əkrəm Novruzovun məsul rəhbər vəzifələrə təyin olunması bu istiqamətdə məqsədyönlü fəaliyyətin aparıldığına tutarlı faktdır.
O dövrdə Dahi Öndərimizin gələcəyə ünvanlanmış qərarlarından biri də SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qoşun hissəsinin Bakıda yaradılmasıdır. Həmin əməliyyat qoşun hissəsinin rəisi vəzifəsinə M.Nəsirovun təyin edilməsi o vaxtlar üçün çox böyük nailiyyət idi. Artıq 70-ci illərdə azərbaycanlı polkovniklərdən Abbasəli Novruzovun, İnayət Xəlilovun, İskəndər Allahverdiyevin, Cahangir Qulamovun, Sədrəddin Müştəidzadənin, Əli Şəfiyevin, Əli Bağırovun, Əkrəm Novruzovun məsul rəhbər vəzifələrə təyin olunması bu istiqamətdə məqsədyönlü fəaliyyətin aparıldığına tutarlı faktdır.
Sərhəd mühafizəsinin əhəmiyyətini və incəliklərini çox yaxşı bilən Heydər Əliyev ötən əsrin 70-ci illərində sərhəd dəstələrinə mütəmadi səfərlər etmiş, sərhədçilərin qayğıları ilə yaxından maraqlanmışdır. Onun göstərişi ilə partiya-sovet, hüquq-mühafizə orqanlarının və Sərhəd Qoşunlarının rəhbərliyinin zona müşavirələrinin keçirilməsi və sərhədçilərin ehtiyaclarının ən yüksək səviyyədə həll edilməsi təşkil olunmuşdur. Sərhəd Qoşunlarının Moskvadan maliyyələşdirilməsinə baxmayaraq, respublika büdcəsi hesabına Naxçıvan, Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilmişdir. Məsələn, 1969-cu ildə Naxçıvan Sərhəd Dəstəsinin inzibati binası, 70-ci illərin əvvəllərində Göytəpə Sərhəd Dəstəsində yeni binalar, Lənkəran Sərhəd Dəstəsinin «Qobustan» sərhəd zastavası, cənub sərhəd xətti boyu zastavalar, sərhəd komissarlarının görüş evləri, sərhəd gözətçi gəmilər dəstəsində yeni tədris korpusları, Sərhəd Qoşunlarının hərbi hospitalı, əsasən, respublika büdcəsi hesabına tikilmişdir.
Milli silahlı qüvvələrin, o cümlədən də Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən yeddi minə yaxın hərbçi hazırlamış, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq «Heydər Əliyev məktəbi» adlandırılan bu təhsil ocağının milli ordu quruculuğu sahəsində danılmaz xidmətləri vardır. Bütün bunlar açıq şəkildə göstərir ki, Heydər Əliyev hələ o vaxt xalqımızın müstəqilliyini düşünmüş, ona göstərilən təzyiqlərə baxmayaraq bu hərbi məktəbi yaratmış və bununla da tarixdə ilk dəfə olaraq azərbaycanlıların öz vətənlərində hərbi təhsil alması üçün şəraiti təmin etmişdir.
Ulu Öndər ölkəmizin rəhbərliyinə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, sərhəd mühafizəsinin təşkili işini də sovet illərində yaratdığı baza üzərində yenidən inkişaf etdirməyə başlamışdır. 1995-97-ci illərdə Azərbaycan-Rusiya sərhədində Xudat Sərhəd Dəstəsi və Şəki Əlahiddə Sərhəd Komendantlığı, Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala və Şəmkir sərhəd dəstələri yaradılmış, Sərhəd Qoşunlarının formalaşması prosesi yüksək məsuliyyətlə aparılmışdır.
Milli üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci ilin avqust ayının 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin yaradılmasına qədər bütün proseslər Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın ləyaqət və cəsarət simvoluna çevrilən Ulu Öndər müstəqil dövlətimizin sərhədlərinin qorunması, Sərhəd Qoşunlarının yaradılaraq formalaşdırılması proseslərini daim nəzarətdə saxlamış, bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar vermişdir. Nəticədə Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya sübut edilmiş, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır.
Bu illərdə Dahi Öndər Heydər Əliyevin dövlət sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət, Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin dekabr ayının 17-də Sərhəd Qoşunlarının 5 illiyinə həsr olunmuş iclasda, 2001-ci ilin avqust ayının 16-da Sərhəd Qoşunlarının yaradılmasının 82-ci ildönümünə həsr olunmuş mərasimdə iştirakı, 2002-ci ilin mart ayının 6-da Sərhəd Qoşunlarının illik hesabatını qəbul etməsi, sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər milli sərhəd mühafizəsinə qayğının nümunəsi olmuşdur. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ulu Öndər sərhədçilər qarşısına beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr qoymuşdur.
2002-ci ilin iyul ayının 31-də Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalamış və Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsini nümayiş etdirmişdir.
Dövlət Sərhəd Xidmətinin yaradılması çoxsaylı səbəblər üzündən zərurətə çevrilmişdi və Ulu Öndər bu səbəbləri zərgər dəqiqliyi ilə ölçüb-biçmişdir. Azərbaycanın sərhədləri yaxınlığında gedən mürəkkəb və ziddiyyətli proseslər milli təhlükəsizliyimizə ciddi təhdidlərə çevrilmişdi. Əfqanıstanda, İraqda, Gürcüstanda və Dağıstanda ciddi gərginlik ocaqlarının mövcudluğu, rəqib xüsusi xidmət orqanlarının bu vəziyyətdən istifadə etmək cəhdləri ilə xarakterizə olunan əməliyyat şəraiti ölkəmizin sərhədlərinin daha mükəmməl şəkildə qorunmasını tələb edirdi. Digər tərəfdən İpək yolu və Şimal-Cənub kimi transkontinental nəqliyyat dəhlizlərinin, Şərqdən Qərbə doğru narkotrafik və qanunsuz miqrasiya kanallarının fəaliyyəti üçün ən əlverişli yolların ölkəmizin ərazisindən keçməsi müxtəlif transmilli kriminal təşkilatları mövcud şəraitdən öz məqsədləri üçün istifadə etməyə şirnikləndirirdi. Ölkəmizin sərhədlərinin mühafizəsinin gucləndirilməsini vacib edən səbəblər sırasında 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasının üzvü olmağımızı, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətinin mövcudluğunu, dövlətin gündən-günə artan iqtisadi qüdrətinin mühafizəsi və daxili bazarın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılmasının mühüm əhəmiyyət kəsb etməsini, ölkə sərhədlərinin tam mühafizə altına alınması məqsədilə zəruri maddi-texniki bazanın yaradılmasını xüsusi qeyd etmək olar.
Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyulmuş və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlanılmışdır. 2003-cü ilin fevral ayının 6-da yeni yaradılmış Dövlət Sərhəd Xidmətinin illik hesabatı Ulu Öndər tərəfindən qəbul edilmişdir. Həmin görüşdə Ümummilli Lider vurğulamışdır ki, Dövlət Sərhəd Xidmətinin yaradılması sərhədlərimizin mühafizəsi işlərinin daha da uğurla aparılmasına kömək edəcəkdir.
Böyük dövlət xadimi sərhədçilərlə keçirdiyi görüşlərində sərhədçilərin qarşısında konkret vəzifələr qoymaqla, müqabil dövlətlərlə sərhədlərimizin delimitasiyası, dost həmsərhəd ölkələrlə, eləcə də dünyanın digər ölkələrinin sərhəd mühafizəsi qurumları ilə münasibətlərin qurulması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü mühüm işlərlə Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasını yaratmış, milli sərhəd siyasətimizi formalaşdırmışdır.
Ulu Öndər Dövlət Sərhəd Xidmətini yaradarkən qarşıda duran vəzifələri də konkret şəkildə müəyyənləşdirmişdir. Milli təhlükəsizliyimizin və dövlət müstəqilliyimizin əsas rəmzlərindən biri olan dövlət sərhədlərinin göz bəbəyi kimi qorunması qarşıya qoyulmuş ən vacib vəzifədir. Bu vəzifə daxilində Dövlət Sərhəd Xidməti beynəlxalq terrorizmə, qanunsuz miqrasiyaya, silah-sursatın və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.
Ardıcıl və müstəqil şəkildə yürüdülən siyasətimiz, zəngin təbii ehtiyatlarımız, iqtisadi inkişafımız, ölkəmizin ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir və bu gün Dövlət Sərhəd Xidmətinin uğurlu fəaliyyətindən çox şey asılıdır. Başqa sözlə, Azərbaycan Respublikasının dövlət sərhədlərinin yüksək səviyyədə qorunması təkcə milli xarakter daşımır, həm də böyük regional və beynəlxalq əhəmiyyətə malikdir. Buna görə də özü çoxsaylı terrora məruz qalmış Azərbaycan Respublikası beynəlxalq antiterror koalisiyasında fəal iştirak edir və bu mübarizəyə öz töhfəsini verir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi ərazidən tranzit kimi istifadə etməklə narkotik maddələrin qeyri-qanuni nəqlini həyata keçirmək, qeyri-qanuni miqrasiya etmək və qaçaqmalçılıqla məşğul olmaq istəyənlər az deyil. Bu cür cinayətlərin qarşısına sədd çəkmək Dövlət Sərhəd Xidmətinin ümdə vəzifələrindəndir.
Təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün çox mühüm iqtisadi və siyasi əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi ölkəmizin önəmini xeyli artırıb. Xəzər dənizində neft-qaz ixrac boru kəmərlərinin və neft platformalarının təhlükəsizliyinin təmin olunması sahəsində də Dövlət Sərhəd Xidmətinin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Bunlardan əlavə, Ulu Öndər Dövlət Sərhəd Xidmətini yaradanda qarşıya sərhəd nəzarətinin səviyyəsinin daha da yüksəldilməsi, ən müasir texnika, vasitə və avadanlıqlarla təchizat, sərhədçilərin peşəkarlıq səviyyəsinin artırılması, xidməti-döyüş fəaliyyətinin gücləndirilməsi, sosial problemlərin həllinə xüsusi fikir verilməsi, sərhəd mühafizəsi işinin təkmilləşdirilərək dünya standartları səviyyəsinə qaldırılması, dünyanın qabaqcıl dövlətlərinin müvafiq qurumları ilə qarşılıqlı faydalı əlaqələrin qurulması kimi vəzifələr qoymuşdur. Dövlət Sərhəd Xidməti bu vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu gün fəxrlə demək olar ki, ölkəmizin hüdudlarının mühafizəsi istiqamətində böyük uğurlar qazanılmış, sərhədlərin qorunması sistemi xeyli təkmilləşdirilmiş və Dövlət Sərhəd Xidməti mühüm keyfiyyət dəyişikliklərinə nail ola bilmişdir. Dövlət Sərhəd Xidmətinin yaradılmasından ötən müddət ərzində qazanılan uğurlar açıq şəkildə göstərir ki, milli xilaskarımız dövlətimizin sərhədlərinin mühafizəsi perspektivlərini böyük uzaqgörənliklə müəyyənləşdirmişdir.