Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
14 may tarixində, saat 23:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışdır.
Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Füzuli rayonunun Bala Bəhmənli kənd sakini İsmayılov Namiq Tehran oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 22 kiloqram 915 qram narkotikə oxşar vasitə (3 kq 500 qr “marixuana”ya, 15 kq 700 qr “heroin”ə, 3 kq 700 “metamfetamin”ə, 15 qr “tiryək”ə, 450 ədəd “Metadon-40” həbinə, 10 ədəd “Opedul” həbinə və 20 ədəd “tramadol” həbinə oxşar vasitə və həblər ) aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi