29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olmuşlar.
Hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlimat verilmiş, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunmuşdur.
Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilmiş, üzləşdikləri problemlərlə maraqlanılmış, xahiş və müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülmüşdür. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilmiş, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilmiş, zəruri göstərişlər verilmişdir.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili vəziyyəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təxliyə edilməsi məsələləri nəzərdən keçirilmiş, birgə fəaliyyətin yüksək səviyyədə təşkil olunması qeyd edilmiş və bu istiqamətdə aidiyyəti dövlət orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üzrə müvafiq tapşırıqlar verilmişdir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi