Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə cari ilin sentyabr ayının 16-da İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-leytenant Hüseyn Zülfüqarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
Səfər çərçivəsində İİR nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən qəbul edilmiş, görüş zamanı Azərbaycan və İran dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf tendensiyaları, həmçinin əvvəlki görüşlərdə imzalanmış sənədlərin icra vəziyyəti barəsində fikir mübadiləsi aparılmışdır.
Müzakirələr zamanı dövlət sərhədindən qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər transsərhəd cinayətkarlıq fəaliyyətlər ilə mübarizə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrindən AR və İİR vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi vacibliyi vurğulanmışdır.
Tərəflər qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirmiş və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsi zəruriliyini qeyd etmişlər.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış edilmişlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi