+
-
11.09.2013
09.09.2013- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin sentyabr ayının 9-da Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 70-ci iclası keçirilmişdir.

Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici xidməti, MDB İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak etmişlər.

İclasdan öncə MDB üzv dövlətlərinin sərhəd xidmətləri və qeyd olunan təşkilatların rəhbərləri Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildirmişlər, daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər. 

Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti SQKŞ-də müşahidəçi statusuna malikdir. SQKŞ-nin 2001-ci ildə 40-cı, 2008-ci ildə isə 60-cı iclasları Bakı şəhərində keçirilmişdir.

Hazırki iclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, 2013-cü il ərzində keçirilmiş birgə əməliyyat-profilaktik tədbirlərin nəticələri və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırki vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilmiş, 2014-cü il üçün Fəaliyyət Planı müzakirə olunmuşdur.

Bununla yanaşı, bir sıra sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbir çərçivəsində nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış edilmişlər.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw