+
-
12.07.2013
12.07.2013- Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir

İyulun 10-da Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin müşayiəti ilə dövlət himni səslən­diril­dikdən sonra Akademiyanın Döyüş Bayrağı meydana gətirilmişdir. Sonra məzunlara diplomlar təqdim olunmuşdur.

Zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi” andı içmişlər.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermişdir.

Cənab general-leytenant E.Quliyev əmin olduğunu bildirmişdir ki, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlər də dövlətçilik ənənələrinə sadiq olacaq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcək, Azərbaycan sərhədçisi adını daim uca tutacaqlar.

Dövlətimiz tərəfindən sərhədçilərə göstərilən yüksək diqqət və qayğıdan danışan Dövlət Sərhəd Xidmətinin rəisi bildirmişdir ki, sərhəd mühafizəsinin etibarlı təşkili məqsədi ilə ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdır. Sərhədçilərin əsas hədəfinin ölkəmizin sərhədlərinin tam mühafizə altına götürülməsindən ibarət olduğunu vurğulayan cənab general-leytenant E.Quliyev qısa müddətdə üçrəngli bayrağımızın işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağına əminliyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən akademiyanın rəisi general-mayor Araz Məmmədov 2007-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə sərəncamının Vətənimizin sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynadığını bildirmişdir.

Kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şəraiti olan, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən akademiyanın açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi qürur hissi ilə vurğulanmışdır.

Akademiyanın rəisi demişdir ki, bu gün zabit rütbəsi alan gənclərdən ikisi akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.

Tədbirdə gənc zabitlər adından çıxış edən leytenant O.Kərimli çətin, lakin şərəfli sərhədçi peşəsini seçmələrindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını bildirmişdir. O, bütün məzunlar adından Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz vermişdir.

Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçmişdir.

 Sonra gənc zabitlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmış, məzarı önünə gül dəstələri qoymuşlar.

Şəhidlər xiyabanına gələn gənc zabitlər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçək düzmüşlər.  

f tw