Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
2019-cu ilin 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 1 nəfər naməlum şəxs müşahidə olunmuşdur.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Respublikası istiqamətində geriyə doğru qaçmışdlr.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat etmişdir.
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilmişdir.
Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğluna məxsus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunmuşdur.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi