+
-
16.01.2019
16.01.2019, 14:54 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

2019-cu ilin 16 yanvar tarixində DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınmış­dır.

Həmin tarixdə saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Res­publikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunmuşdur. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərə­findən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapa­dılmış və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilmişdir.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İs­lam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dər­hal məlumatlandırılmış, İİR sərhəd mü­ha­fizə orqanları tərəfindən hə­min istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilmişdir.

Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanmış və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulmuşdur. Araş­dırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilmiş, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunmuşdur.

Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülmüşdür.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw