Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
2018-ci ilin avqust ayında DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, həmçinin 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
Birinci hadisə 3 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş vermişdir. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunmuşdur. Saat 01:30 radələrində VAZ-2172 markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunmuşdur. Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanmış, əlindəki bağlamada 3 kq tiryək aşkar olunmuşdur. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlunun olması müəyyən edilmişdir.
İkinci hadisə 8 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınmış və sərhəd zastavasına məruzə olunmuşdur. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılmış və hadisə yerinə hərəkət edilmişdir. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxlanılmışdır. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirmiş, üzərində 1 ədəd mobil telefon, 2800000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunmuşdur.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi