+
-
23.04.2013
23.04.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

         Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətində təsdiq olunmuş tədbirlər planına əsasən aprel ayının 17-də Göytəpə Sərhəd Dəstəsində konfrans keçirilmişdir. Təntənəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev giriş sözü ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, öz müdrik siyasəti, dönməz əqidəsi və uzaqgörənliyi sayəsində Dahi Öndər milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

          Sonra hərbi hissə komandiri polkovnik Zəki Cəlilov, millət vəkilləri Musa Qasımlı, Musa Quliyev, Milli Elmlər Akademiyası Elmi Şurasının üzvü Ədalət Qasımov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmışlar. Konfransda qeyd olunmuşdur ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu olan konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünməsi prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaş­dırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

          Xüsusi olaraq vurğulanmışdır ki, uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir.

          Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş, sürətli inkişafına görə lider ölkələrdən birinə çevrilmişdir.

          Təntənəli tədbir rejissor V.Mustafayevin Dahi Öndərə həsr etdiyi “General” sənədli filminin nümayişi ilə başa çatmışdır.

f tw