Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək verilmişdir.
2018-ci ilin 15 iyul tarixində Füzuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olmuşdur. Belə ki, həmin tarixdə Füzuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancmış və təcili olaraq rayon xəstəxanasına gətirilmişdir.
E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunmuşdur.
Müraciətə dərhal reaksiya verilmiş, şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılmış və vətəndaşın həyatı xilas edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi