Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
29 aprel 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
Hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Həmin tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozarkən 4 sərhəd pozucusu saxlanılmışdır.
Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hindistan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəllüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilmişdir. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pakistan rupisi aşkar olunmuşdur.
Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələrinə getmək məqsədilə dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçməyə cəhd göstərmələri müəyyən edilmişdir.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi