Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqları üçün 32 halda 46 nəfər saxlanılmış, onların 22 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Gürcüstan, 4 nəfəri Rusiya Federasiyası, 4 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 3 nəfəri Moldova, 3 nəfəri Türkiyə, hər ölkədən 1 nəfər olmaqla Qırğızıstan və Konqo vətəndaşı olmuşdur.
Sərhəd rejim qaydalarını pozarkən 7 halda 16 nəfər və dənizdə 34 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 170 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 1 kiloqram 348,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 52 halda ümumi dəyəri təqribən 61 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd qaz tapançası və onun 200 ədəd patronu, 3 ədəd pnevmatik tapança, 3 ədəd tüfəng, 88 ədəd 7,62 mm-lik patron, 1 ədəd avtomat darağı, 2000 ədəd alışdırıcı kapsul, 50 kq barıt, 940 ədəd 16 mm-lik giliz, 1 ədəd süngü bıçaq, 1 milyon 805 min rial İran İslam Respublikası valyutası, 1 min 950 lirə Türkiyə Respublikası valyutası, 503 ədəd mobil telefon, 474 ədəd mobil telefon üçün aksesuarlar, 75 ədəd müxtəlif ölçülü araq, 204 qutu siqaret, 20 baş xırdabuynuzlu heyvan, 3600 ədəd DVD, 2300 metr balıq tutmaq üçün tor, 1 ədəd rezin qayıq, müxtəlif növ dərman preparatları, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.