Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətində təşkil olunan silsilə tədbirlər çərçivəsində DSX-nin Sahil Mühafizəsində, Xüsusi Məktəbində və Hərbi Hospitalında və sərhədçilər üçün Bakı şəhəri Nərimanov rayonunda inşa edilmiş yaşayış kompleksində bayram mərasimləri keçirilmişdir.
Bayram tədbirlərində soydaşlarımızın Vətənə sədaqətini, xalqımızın öz keçmişinə, milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən tarixi yaddaşımızın mühüm hissəsinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da təsis olunması qeyd edilmiş, məhz Ulu Öndərin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyalarının dövləti siyasət səviyyəsinə yüksəlməsi və soydaşlarımızın doğma Vətənə bağlılığının möhkəmləndirilməsi xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən azərbaycançılıq ideyalarının uğurla həyata keçirilməsi nəticəsində xaricdə yaşayan soydaşlarımızın mütəşəkkilliyinin artması, diaspor təşkilatlarımızın Azərbaycan həqiqətlərinin təbliği və dövləti maraqlarımızın qorunması istiqamətindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etməsi qeyd olunmuşdur.
Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında azərbaycançılığın beşiyi olan müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərini qorumaqdan şərəf və qürur duyduqlarını bildirmişlər.
2017-ci ilin ölkəmizin həyatında qazanılan uğurlarla, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması vurğulanmış, qarşıdan gələn yeni ildə bu uğurların davam edəcəyinə əminlik ifadə olunmuşdur.
Bayram tədbirlərində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, Respublikamızın mədəniyyət və incəsənət xadimləri maraqlı konsert proqramları ilə çıxış etmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş filmlər nümayış etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi