+
-
31.01.2013
31.01.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

          Cari ilin yanvar ayı ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik   vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmiş və aşağıdakı nəticələr əldə olunmuşdur:

Dövlət sərhədini pozduqları üçün 31 halda 40 nəfər saxlanılmış, onlardan 22 nəfəri Azərbaycan Respublikası, 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan,  2 nəfəri İran İslam Respublikası,  2 nəfəri Malaziya,  2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan,  3 nəfəri digər ölkə vətəndaşları olmuşlar.

          Sərhəd rejim qaydalarını pozduqlarına görə 42 halda 57 nəfər saxlanılaraq barələrində tədbirlər görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə  orqanları tərəfindən axtarışda olan 177 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 54 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 7862 qutu siqaret, 3750 ədəd kondensator, 67 ədəd spirtli içki, 1 baş at, 65 baş iribuynuzlu mal-qara, 84 ədəd mobil telefon, 1192 Azərbaycan manatı, 3100 ABŞ dolları,  balıq ovlamaq üçün 200 ədəd qarmaq, 500 metr tor, müxtəlif növ dərman preparatları, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

          Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan transsərhəd cinayətkar qrupların zərərsizləşdirilməsi və qaçaqmalçılıq fəaliyyətinin  qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilmiş, dövlət sərhədindən qanunsuz keçirilmiş 37 kiloqram 232 qram narkotik maddə aşkar olunaraq götürülmüşdür.

Belə ki,

-01 yanvar 2013-cü il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana daxil olan Astara rayon sakini 1968-ci il təvəllüdlü Salmanov Şakir Meybulla oğlunun üzərindən 22 qram heroin və 5 qram həşiş aşkarlanaraq götürülmüşdür.

 -03 yanvar 2013-cü il tarixdə Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə keçirmiş 2 nəfər silahlı şəxsin qarşısı alınmış, sərhəd pozucuları sərhəd naryadına silahlı müqavimət göstərmiş və əllərindəki qaçaqmalı hadisə yerində ataraq geri qaçmışlar. Hadisə yerindən ümumi çəkisi 8 kiloqram olan narkotik vasitələr – 2 kiloqram heroin, 4 kiloqram tiryək və 2 kiloqram həşiş aşkar olunaraq götürülmüşdür.

 -08 yanvar 2013-cü il tarixdə Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitə keçirmiş 3 nəfərdən ibarət silahlı qrupun qarşısı alınmış, cinayətkarlar tərəfindən sərhəd naryadına qarşı silahlı müqavimət göstərilmiş, nəticədə Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu xəsarət almışdır.

Tədbir nəticəsində Cəlilabad rayon sakini 1971-ci il təvəllüdlü Mərdalıyev Faiq Həsənağa oğlu saxlanılmış və onun üzərindən 20 kq  heroin və 5 kq tiryək aşkar edilərək götürülmüşdür.

- 20 yanvar 2013-cü il tarixdə Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana 1 kq heroini dövlət sərhədindən qanunsuz gətirmiş, Cəlilabad rayon sakini 1971-ci il təvəllüdlü Əliyev Fuad Poladxan oğlu saxlanılmışdır.

- 27 yanvar 2013-cü il tarixdə Yardımlı rayonunun Perimbel kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana külli miqdarda tütün məmulatlarının keçirilməsinin qarşısı alınmışdır. Hadisə yerində 7000 ədəd “Kent” markalı siqaret aşkarlanaraq götürülmüşdür.

          Qeyd olunan cinayət hadisələri ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq  maddələri ilə cinayət işləri başlanılmış, saxlanılmış şəxslər təqsirləndirilən şəxs qismində cinayət məsulliyyətinə cəlb olunmuş, barələrində həbs qətimkan tədbiri seçilmişdir.

          Dövlət Sərhəd Xidmətinin istintaq və əməliyyat-axtarış orqanları tərəfindən həmin cinayət işləri üzrə müvafiq tədbirlər davam etdirilir.

         

                                             

f tw