+
-
23.10.2017
23.10.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin oktyabr ayının 18-20-si tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 78-ci iclası keçirilmişdir.

Azərbaycan tərəfinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqə­ləndirici Şurasının nümayəndə heyətləri iştirak etmişlər.

Okytabr ayının 18-də iclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qəbul edilmişlər. Azərbaycan Respublikasının Prezidentu cənab İlham Əliyev MDB iştirakçı dövlətlərinin Sərhəd Qoşunlarının Komandanları Şurasının növbəti iclasının Bakı şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, ölkəmiz üçün sərhəd təhlükəsizliyinin vacibliyini və beynəlxalq sərhəd əməkdaşlığının əhəmiyyətini qeyd etmişdir.

İclasdan öncə nümayəndə heyətlərinin rəhbərləri Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildirmişlər, daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər. 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərənvə Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir.

Sərhəd Qoşunlarının Komandanları Şurasının2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı və 2013-cü ildə 70-ci iclasları Bakı şəhərində keçirilmişdir.

Sərhəd Qoşunlarının Komandanları Şurasının 78-ci iclasının açılışında Azər­baycan Res­pub­likası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə kö­məkçisi cənab Fuad Ələsgərov çıxış edərək beynəlxalq terrorçuluğa, sepa­ratçılığa, transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, kütləvi qırğın si­lah­larının komponentlərinin və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin və beynəlxalq təhlükəsizliyin əsas şərtlərindən birinin dövlət sərhədlərinin etibarlı mühafi­zəsi olmasını qeyd etmiş, Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi məsə­lə­lərinə xüsusi önəm verilməsini vurğulamışdır.

İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, 2017-ci il üzrə xidməti-döyüş fəaliyyətlərinin nəticələri və 2018-ci ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırki vəziyyəti və onun inkişafperspektivləri nəzərdən keçirilmiş, 2018-ci il üçün Fəaliyyət Planı müzakirə olunmuşdur.

Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbir çərçivəsində nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış edilmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw