+
-
10.08.2017
10.08.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri general-mayor Anatoliy Lapponun rəhbərliyi altında nümayəndə heyəti cari ilin 08 avqust tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.  

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Dövlət Sərhəd Xidmətinin Aparatında  general-mayor Anatoliy Lapponun təntənəli qarşılanma mərasimi keçirilmişdir. Rəsmi protokola uyğun olaraq Belarusun Dövlət Sərhəd Komitəsinin sədri “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazmışdır.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun­muş, sərhəd mühafizəsinin müvafiq sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspek­tivlərinə dair fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə, həmçinin inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə beynəlxalq layihələr çərçivəsində birgə fəaliyyətlərin davam etdirilməsi, təcrübə mübadiləsinin zəruriliyi vurğulanmışdır. 

Azərbaycan Respublikasının dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd etmiş, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Belarus nümayəndələrinə ətraflı məlumat vermişdir.

Görüşün sonunda Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında 2 illik Fəaliyyət Planı imzalanmışdır.

Avqust ayının 9-da Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Görüşdə Azərbaycan Respublikası və Belarus Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində dinamik inkişafı qeyd olunmuş, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə əminlik ifadə olunmuşdur.

Avqust ayının 11-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri və regionlardakı struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanışlığı, ölkəmizin mədəni-tarixi yerlərini ziyarət etməsi nəzərdə tutulur.   

f tw