+
-
28.02.2017
28.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 27-28 fevral tarixlərində Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi polkovnik Dato Nikoleişvilinin dəvəti ilə Gürcüstana səfər etmişdir.

Səfər çərçivəsində nümayəndə heyətləri arasında keçirilmiş görüşdə  Azərbaycan-Gürcüstan sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində mövcud şərait, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin qaçaqmalçılığı, qadağan olunmuş malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətləri Azərbaycan-Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə görülən işlərin vəziyyəti, əməkdaşlığın əsasını təşkil edən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən təcrübə mübadiləsinin davam etdirilməsi və gələcək fəaliyyət isiqamətlərinin müəyyən edilməsi məsələlərini nəzərdən keçirmişlər. 

Müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 20 fevral 2017-ci il tarixli Sərəncamına uyğun olaraq həmsərhəd ölkələr, o cümlədən Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin sürətli keçidinin təmin edilməsi məqsədi ilə qarşılıqlı əlaqələndirmə fəaliyyətlərinin təkmilləşdirilməsi zəruriliyi vurğulanmışdır.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirmiş, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulamışlar.

Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tbilisi şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin  abidəsini ziyarət etmiş, önünə əklil qoyaraq Dahi Öndərin ruhuna hörmət və ehtiram bildirmişlər. 

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw