+
-
20.02.2017
20.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

18 fevral 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmışdır.

Tədbirdə çıxış edənlər Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamışlar.

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf edən andiçmə mərasimində dəhşətli faciəyə siyasi və hüquqi qiymət verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanmışdır. Soyqırım hadisəsinin dünya ictimaiy­yətinə çatdırılması istiqamətində Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilmişdir.

Mərasimdə iştirak edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw