+
-
13.02.2017
13.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

Fevral ayının 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak etmişdir.  Mərasim iştirakçıları öncə hərbi hissənin ərazisinə baxış keçirmiş, yaradılmış şəraitlə tanış olmuşlar.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilmiş, Atçılıq Mərkəzinin nailiyyətlərini əks etdirən filmə baxış keçirilmişdir.

Yubiley mərasimində xüsusi xoreoqrafiya ilə Azərbaycan bayrağı ilə Qarabağ və Dilboz atları üzərində “Süvarilər” qrupu, İsland Poniləri, Çövkən komandaları, Konkurçular, Poloçular parad şəkilində atlarla manejə daxil olmuşlar. Daha sonra “Süvarilər” qrupunun nümunəvi çıxışları nümayiş etdirilmiş və Konkur elementləri üzrə yarış keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizin idman nailiyyətlərinin ildən-ilə artdığı,atçılığın və atçılıq idmanının xüsusi diqqət mərkəzində saxlanıldığı, Azərbaycan atçılıq idmanının bu gün inkişaf dövrünü yaşadığı vurğulanmış, Atçılıq Mərkəzinin əldə etdiyi nailiyyətlərdən danışılmışdır. Ölkəmizdə keçirilən “Çövkən” oyunlarında, konkur və cıdır yarışlarında sərhədçi idmançıların qazandıqları uğurlar, 2015-ci ilin sentyabr ayında ilk dəfə olaraq Bakı şəhərində id­man reytinqinə görə Avropanın ən güclü yığmalarının iştirakı ilə ke­çi­ril­miş Arena Polo üzrə 1-ci Avropa Çempionatında milli yığ­ma­mızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu qürur hissi ilə qeyd edilmişdir.

“Sərhədçi” atçılıq mərkəzində təkmilləşdirmə prosesləri uğurla aparılmış, beynəlxalq standartlara cavab verən ən müasir infrastruktur yaradılmışdır. Atçılıq mərkəzi xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təc­rü­bənin öyrənilməsi və tətbiq olunması istiqamətində, eləcə də ölkəmizdə atçılıq idmanının təbliği və inkişafında, idmançılarımızın yarış təcrübəsinin artırıl­masında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbi­yə­­sində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində uğurlu fəaliyyət göstərir.

Yubiley tədbirinin sonunda fərqlənmiş idmançılar və hərbi qulluqçular mükafatlandırılmışlar.

                                                 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw