+
-
03.10.2016
03.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Tacikistan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 sentyabr 2016-cı il tarixdə ölkəmizə rəsmi səfərə gəlmişdir.

BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə “Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi”  layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycan Respublikasının təcrübəsi ilə tanışlıqdır.

28 sentyabr 2016-cı il tarixdə qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında qəbul edilmişlər. Görüşdə Azərbaycanın sərhəd mühafizə sisteminə və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə dair təqdimatlar keçirilmiş, Azərbaycanın dövlət sərhədləri və mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər,  xidmətin strukturu, əsas vəzifə və tapşırıqları, narkotiklərin daşınması, qeyri-leqal miqrasiya və digər qanunsuz fəaliyyətlərlə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nailiyyətlər, sərhəd mühafizəsində istifadə olunan texniki vasitələr barədə ətraflı məlumat verilmişdir.  Bununla yanaşı, DSX-nin beynəlxalq əlaqələri, digər ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri və müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər qonaqların diqqətinə çatdırılmışdır. Tacikistan nümayəndələri öz növbəsində Sərhəd Qoşunlarının strukturu, vəzifələri və fəaliyyəti, eləcə də Tacikistan-Əfqanıstan sərhədindəki mövcud əməliyyat şəraitini özündə əks etdirən təqdimat nümayiş etdirmişlər.

Səfər müddətində qonaqlar Azərbaycanın cənub sərhədlərinə səfər etmiş, mövcud vəziyyətlə, narkotiklərin qanunsuz daşınmasının qarşısının alınmasında istifadə olunan texniki avadanlıq və xüsusi texniki vasitələrlə, bu  sahədə işin xüsusiyyətləri və üsulları ilə tanış olmuş, təcrübə mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti həmçinin Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, DSX Akademiyası, Xüsusi Məktəb, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə  tanış edilmiş, o cümlədən qonaqların Bakı şəhərində keçirilən “ADEX-2016” sərgisində iştirakı təşkil olunmuşdur.

Səfər çərçivəsində Tacikistan nümayəndələri narkotik vasitələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Dövlət Sərhəd Xidmətinin təcrübəsi ilə yaxından tanış olmuş, bu və digər sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir. 

 

         Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw