Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev sentyabr ayının 15-də Zaqatala Sərhəd Dəstəsində Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayonlarının sakinlərini qəbul etmişdir.
Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılmış və əksər məsələlər yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınmışdır və aidiyyəti üzrə qurumlara göndərilməsi nəzərdə tutulur.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq etmişlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi