+
-
22.07.2016
22.07.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iyul ayının 21-də Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin əhəmiyyətli hissəsi yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw