+
-
23.05.2016
23.05.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə may ayının 21-də Gəncə şəhərində “Tarixin canlı səhifələri” IV Gənclər Festivalı keçirilmişdir.

Festivalda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Tarixin canlı səhifələri” festivalı üçün tarixi rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini canlandırılan kütləvi tamaşada Dövlət Sərhəd  Xidmətinin hərbi qulluqçuları və süvarilər qrupu da iştirak etmişdir.

Tamaşada Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Prezident İlham Əliyev rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi video görüntülərlə iştirakçılara təqdim olunmuşdur.

Azər­baycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən video görüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsayli tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa  Azərbay­canının şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olmuşdur. 

Festival Azərbaycanın dövlət himninin səsləndirilməsi və atəşfəşanlıqla başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw