Fevralayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən dövlətimizin hərbi qüdrətinin əhəmiyyətli dərəcədə yüksəldiyini, bütün sosial və infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğunu qeyd etmişdir.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salınan müşavirədə Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində lazımi texniki imkanların yaradılması və dəniz sərhədlərimizin mühafizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən 2005-ci ilin fevral ayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması, cənab Ali Baş Komandan tərəfindən 2008-ci ilin noyabr ayında DSX-nin Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ilin iyul ayında Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi, DSX-nin Sahil Mühafizəsinin böyük inkişaf yolu keçərək Xəzər dənizində dövlət maraqlarımızı ən yüksək səviyyədə təmin etməyə qadir olan mükəmməl quruma çevrilməsi və hazırda hər cür hava şəraitində dövlət sərhədini qorumaq imkanlarına malik olması xüsusi qeyd olunmuşdur.
Müşavirədə vurğulanmışdır ki, son illərdə dəniz sərhədlərimizin daha etibarlı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirilmiş, Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi təmin olunmuşdur. Tam peşəkar heyətlə komplektləşdirilmiş Sahil Mühafizəsi hazırda dövlət maraqlarımızın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktura malikdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərir. Şəxsi heyətin ekstremal şəraitdə peşə vərdişlərinin və döyüş hazırlığının yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş və taktiki təlimlər müvəffəqiyyətlə keçirilir.
Dənizdə bir neçə mürəkkəb axtarış-xilasetmə əməliyyatlarını uğurla həyata keçirən sərhədçilər istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, sərhədlərimizin toxunulmazlığını təmin etməyə, qarşıya qoyulmuş ən çətin vəzifələri yerinə yetirməyə qadir olduqlarını sübut etmişlər. 2013-cü ilin avqust ayında Xəzər dənizinin «Bulla-dəniz» yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sərrast atəşləri nəticəsində platformanın yanğının söndürülməsinə imkan vеrməyən avadanlıqlardan təmizlənməsi, nəticədə Xəzər dənizinin еkоlоgiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması, 2015-ci ilin dekabr ayında “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar sərhəd gözətçi gəmilərinin axtarış-xilasetmə işlərində fəal iştirak etmələri qeyd olunmuşdur.
Dəniz sərhədlərinin daha müasir və səmərəli mühafizə sisteminin yaradılması üçün məqsədyönlü işlər görülmüş, sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilmiş, 113 nəfər dəniz sərhədçisi xarıci ölkələrdə kurslara cəlb olunmuş, yeni gəmilər üçün idarəetmə heyətləri hazırlanmış, tətbiq edilən texnikanın istifadə qaydalarının öyrənilməsi məqsədilə, eləcə də digər mövzularda Sahil Mühafizəsinin Tədris Mərkəzində çoxsaylı təlimlər təşkil edilmiş, kurslar keçirilmişdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş vahidlərinin sayının artırılması nəticəsində xidməti sahənin ərazisi xeyli genişlənmişdir. Sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsinin yaradılması, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sərhədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə «SONAR» sualtı akustik sisteminin quraşdırılması, mərkəzləşdirilmiş idarəetmə sisteminin təşkil edilməsi, dəniz sərhədlərinin mühafizəsinə aviasiya qüvvələrinin daha səmərəli şəkildə cəlb edilməsi işləri günün aktual məsələləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin sentyabr ayının 7-də inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə tapşırıqlar verməsi qürur hissi ilə qeyd edilmişdir. DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində az vaxt ərzində altı ədəd üçüncü dərəcəli və bir ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq döyüş sıralarına daxil edilmişdir. Sərhəd gözətçi gəmiləri, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, müşahidə sistemləri, hidroakustik qurğularla təchiz edilmişlər.
Müşavirədə məruzə edən DSX-nin Sahil Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa və brokonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini bildirmişdir.
Ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilmişdir. AR-ə məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülmüşdür. İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 8 nəfər vətəndaş xilas edilmişdir. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılmışdır.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində DSX Sahil Mühafizəsinin uğurlu fəaliyyəti qeyd olunmuşdur.
Hazırda dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsiri barədə müşavirədə geniş danışılmış, mövcud şəraitin bütün fəaliyyət istiqamətlərində yeni yanaşmalar tələb etdiyi qeyd olunmuş, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilmiş, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində zəruri göstərişlər verilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi