Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Aydın Əliyev 2015-ci ilin dekabr ayının 29-da “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində olmuşlar.
General-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyətini yoxlamış, dövlət sərhədindən keçən şəxslərlə söhbət etmiş və sərhəddən keçərkən üzləşdikləri problemlərlə maraqlanmışlar. Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə birgə xidməti müşavirə keçirilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilmişdir. Xidməti müşavirə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunmuş, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların təkmilləşdirilməsi, dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi