Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqları üçün 38 halda 53 nəfər saxlanılmış, onların 39 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri Moldova, 1 nəfəri Türkiyə vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən 5 halda 10 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 24 halda 40 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 184 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 1 kiloqram 543 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən «Xaş-xaş-2012» şərti adı altında keçirilmiş tədbirlər nəticəsində Şəki, Lerik, Balakən və Zaqatala rayonlarının ərazilərində 11,3 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 17 min 455 kiloqram olan çətənə və xaş-xaş kolları toplanılmış, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən ölkəmizə məxsus 3 gəmiyə və 24 qayığa baxış keçirilmiş, dənizdən 1750 metr tor, 2 ədəd qayıq, gəmi və qayıqlardan 885 ədəd araq, 59 ədəd pivə, 100 litr benzin, 1 ədəd GPS, 2 ədəd mühərrik, 2 ədəd mobil telefon, 1 cüt ayaq pəri aşkar olunaraq götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 42 halda ümumi dəyəri təqribən 292 min 713 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, TOZ-8 tüfəngi üçün 5 ədəd patron, 1 ədəd dəmir axtaran cihaz, mobil telefonlar, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |