+
-
07.10.2015
07.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2015-ci ilin 06 oktyabr tarixində Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Söhbət əsnasında AR-in dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və  dövlət sərhədlərinin  bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuşdur. Bununla yanaşı qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə sərhəd təlimlərinin keçirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.          

Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində  Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı «Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)» yubiley medalı ilə təltif etmiş və gələcək  fəaliyyətində ona uğurlar arzulamışdır.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.    

 

                                  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw