+
-
28.06.2012
28.06.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27.06.2012-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında Avropa Komissiyasının maliyyə­ləşdirdiyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən icra edilən, ümumi büdcəsi 2 milyon Avro olan «Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək» layihəsi çərçivəsində alınmış texniki vasi­tələrin rəsmi təhvil alınma mərasimi keçirilmişdir.

2010-cu ilin oktyabr ayında icrasına başlanılmış layihənin əsas məqsədləri sərhədlərin idarə olunması sahəsində əməkdaşlığın gücləndi­rilməsi, şəxslərin və yüklərin hərəkətinin asanlaşdırılması və sərhədlərin təhlükəsiz­liyinin təmin edilməsi, sərhədlərin strateji idarəetmə potensialının inkişaf etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd nəzarəti məntə­qələrinin və əlaqədar bölmələrin avadanlıqlarla təchiz edilmə­sidir.

Layihənin icrası zamanı Estoniya, Latviya, Litva və Polşanın sərhəd xidmətləri, Çexiyanın Daxili İşlər Nazirliyi, Fransanın Beynəlxalq Texniki Polis Əməkdaşlığı Direktoratlığı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) ekspertlərinin iştirakı ilə rəsmiləşdirmə və nəzarət prosedurları, nəzarət orqanlarının qurumdaxili, qurumlararası və beynəlxalq əməkdaşlığının gücləndirilməsi, təlim-tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması və digər mövzular üzrə treninqlər təşkil olunmuş, Dövlət Sərhəd Xidmətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Ötən müddət ərzində layihə çərçivəsində Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda keçirilən 23 tədbirdə Dövlət Sərhəd Xidmətinin 55 əməkdaşı iştirak etmişdir.

Tədbir zamanı Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün əldə olunmuş gecə və gündüz dövlət sərhədinin müşahidəsinin aparılmasına imkan verən Səyyar Elektron-Optik Müşahidə Kompleksi, gecəgörmə cihazları, termal kameralar və durbinlər, yüksək keçid qabiliyyətlərinə malik olan kvadrosikllər, sənədlərin yoxlanışı üçün stasionar və daşınan cihazlar, pasportların elektron məlumat bazası, nəqliyyat vasitələrinin yoxlanışı üçün optik endoskop, İnfromasiya Texnologiyaları ava­danlığı və s. təhvil alınmışdır.

Tədbirdə BMT-nin rezident əlaqələndiricisi cənab Fikrət Akçura iştirak etmişdir.

f tw