24.08.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun dəvəti ilə cari ilin 20-22 avqust tarixlərində RF-nin Moskva və Kazan şəhərlərində rəsmi səfərdə olmuşdur.

Tədbir çərçivəsində keçirilmiş görüşlərdə nümayəndə heyətləri arasında Azərbaycan – Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, əməkdaşlığın əsasını təşkil edən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdir.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilmiş,  Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında əldə olunan qarşılıqlı əlaqənin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyi vurğulanmışdır.

Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlərin xarakterini müzakirə etmiş və dövlət sərhədində şəraitə təsir  göstərən əsas faktorlar kimi sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdlərini, qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin, silah və sursatın dövlət sərhədindən qanunsuz daşınması, habelə qeyri-leqal miqrasiya ilə əlaqəli olan mütəşəkkil dəstələrin və ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyətini  qeyd etmişlər. Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanmışdır.

Avqust ayının 21-də tədbir iştirakçıları Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov tərəfindən qəbul edilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Zelenodolsk şəhərində yerləşən gəmiqayırma zavodu, habelə Kazan və Bulqar şəhərlərinin mədəni-tarixi abidələri ilə tanış edilmişdir.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

                                              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi   

  • 80
  • 80
  • 80
  • 80