13.08.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti 2015-ci ilin 12-14 avqust tarixlərində ölkəmizə rəsmi səfər etmişdir. Səfərin məqsədi – Azərbaycan Respublikasının sərhəd təhlükəsizlik sistemi, Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarət olmuşdur.

Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehti­ram­larını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbay­ca­nın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən  qəbul edilmişlər.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.

Bununla yanaşı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20% -nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilmiş, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilmişdir.

Qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış edilmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

      

       Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80