+
-
05.08.2015
05.08.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general–polkovnik Elçin Quliyevin dəvəti ilə Belarus Respub­lika­sı Döv­lət Sərhəd Komitəsinin (BR DSK) sədri general-polkovnik Malt­sev Leo­nid Semyonoviçin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci il 04-05 avqust tarixlərində ölkəmizdə rəsmi səfərdə olmuşdur.

İlk öncə nümayəndə heyəti Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziya­rət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı gene­ral-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişlər. 

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslə­ri­nin­ idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliy­yə­ti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inteqrə edil­miş­ sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əmək­­daşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müza­ki­­rə edilmişdir.

Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilmiş, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir tə­lim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış edilmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

                                            

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi

f tw