Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı, peşəkar sərhədçi zabit kadrların yetişdirilməsi üçün son dərəcə ciddi əhəmiyyət kəsb edən Dövlət Sərhəd Xidməti Akademiyası Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən 2007-ci ilin 12 iyun tarixində yaradılmışdır.
2015-ci ildə 131 gənc zabitin, o cümlədən ilk dəfə olaraq dənizçi və aviasiya ixtisaslı zabitlərin bitirdiyi bu ali hərbi təhsil müəssisəsində vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılmışdır.
Son illər ərzində DSX Akademiyası təkcə Azərbaycan sərhədlərinin deyil, həm də xarici dövlətlərin ölkə hüdudlarının mühafizəsi üçün ixtisaslı mütəxəssislər hazırlayan beynəlxalq tədris mərkəzinə çevrilməkdədir. 2014-cü ildə Akademiyada Səudiyyə Ərəbistanı Krallığının yüksək rütbəli zabitləri üçün “Sərhəd nəzarəti” kursu təşkil edilmişdir. Hazırda Əfqanıstan, İraq və bir sıra MDB üzv dövlətlərinin Sərhəd Qoşunlarının Komandanlığı tərəfindən öz hərbi qulluqçularının DSX Akademiyasında təhsil almalarına şərait yaradılması barədə müraciətlər olunmuşdur və bu istiqamətdə danışıqlar davam edir.
2015-ci ilin 15 iyul tarixində Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir. Ənənəvi olaraq möhtəşəm və əzəmətli Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev gənc leytenantları Dahi Öndər Heydər Əliyev dövlətçiliyinə sədaqət, Vətənə məhəbbət ruhunun, müzəffərlik və yenilməzlik kimi sərhədçi keyfiyyətlərinin yeni nəsil daşıyıcıları olmaq münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlər barədə məlumat vermiş, gələcək xidmətlərində məzunlara uğur və müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının 1-ci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan dövlətinin gücünün və iqtisadi qüdrətinin tərənnümünə çevrilmiş Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan sərhədçilərinin dövlətimizin bu qələbəsini böyük ruh yüksəkliyi ilə qarşılamaları xüsusi qeyd olunmuşdur.
Mərasim zamanı məzunlara diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev məzunlarla xatirə şəkilləri çəkdirmişdir.
Mərasimdən sonra gənc zabitlər Dahi Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi